Siyasət

01 Fevral

“Çovdar” qızıl yatağının satılabilən qızıl ehtiyatı 535 min unsiyaya çatdırılıb – Zakir İbrahimov

Daşkəsən rayonunda yerləşən “Çovdar” qızıl yatağı “AzerGold” QSC-nin ilk mədən layihəsidir. Cəmiyyət tərəfindən yataqda hasilat işlərinə 2017-ci ildə başlanılıb. 2016-cı ildə yatağın satılabilən qızıl ehtiyatı 179 min unsiya hesablansa da, istismar işləri ilə paralel həyata keçirilən optimallaşdırma və əlavə kəşfiyyat işləri nəticəsində yatağın satılabilən qızıl ehtiyatı 535 min unsiyaya çatdırılıb.

Fins.az-ın məlumatına görə, bu barədə “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib ki, geoloqları tərəfindən kəşf edilmiş “Ağyoxuş” qızıl yataqları qrupu və “Mərəh” qızıl yatağı, eləcə də SSRİ dövründə kəşf edilmiş, müasir dönəmdə məhz geoloqları tərəfindən geniş tədqiq edilmiş “Tülallar” qızıl yatağı hesabına satılabilən ümumi qızıl ehtiyatı daha 243 min unsiya artırılaraq, 778 min unsiyaya çatdırılıb.

“Bununla da 2016-cı ildən 2023-cü ilədək “Çovdar” və cinahlardakı yataqlar hesabına ümumi satılabilən ehtiyat bazasının 4 dəfədən çox artırılmasına nail olunub.

Sözügedən cinah yataqlarının resurslarının istismarı Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) həyata keçirilir. ÇİRES Çovdar Filiz Emalı Sahəsinin bazasında 2020-ci ildə yaradılıb. Məqsəd emal prosesində mövcud maddi-texniki bazadan mərkəzləşdirilmiş qaydada istifadə edilməsidir. Bununla müstəqil şəkildə səmərəsizlik riski daşıyan cinah yataqlarının iqtisadi səmərəliliyi təmin edilib.

2020-ci ildə regional emal sahəsinin istismar dövrü 8 il hesablansa da, ehtiyatlarda əldə edilən artımlar hesabına bu müddətin 10 ilə çatdırılmasına nail olunub. Yaxın perspektivdə isə regionda yeni cinah yataqlarının kəşf edilməsi və resurların artırılması ilə ÇİRES-in fəaliyyət müddətinin daha da uzadılmasını hədəf olaraq qarşıya qoymuşuq”.

Z.İbrahimov qeyd edib ki, “Çovdar” yatağının birinci fazası – oksid mərhələsi üzrə 2021-ci ildə istismar işləri tamamlanıb, 243.4 min unsiya həcmində qızıl hasil edilib. “Çovdar” yatağının ikinci fazası – sulfid mərhələsi və cinah yataqları üzrə hasilata başlanılıb:

“Bu məqamda qeyd edim ki, faydalı komponentin çıxarılmasına təsir edən xüsusiyyətlərə görə, filizlər oksid və sulfid filizləri olmaqla iki cür təsnifatlandırılır. Oksid filizləri sulfidli filizlərin təbii proseslər nəticəsində aşınması ilə əmələ gəlmiş, tərkibindəki qızıl və gümüşün nisbətən sərbəstləşdiyi filizlərə deyilir. Eyni zamanda oksid və sulfid filizləri arasında aralıq filizləri də var ki, onlar elmi ədəbiyyatda “tranzit” filizləri adlandırılır.

Oksid filizlərindən qızıl və gümüşün çıxarılması topa qələviləşdirmə (HLP – Heap leach pad) üsulu əsasında, müəyyən ölçüdə xırdalanma və məhlulla çökdürülmə yolu ilə həyata keçirilir. Lakin qismən tranzit (oksid-sulfid qarışıqlı filizlər) və xüsusən sulfid filizlərində bu metodun tətbiqi zamanı qızıl çıxımı dərəcəsi aşağı düşdüyü – təqribən 50% təşkil etdiyi üçün bu emal metodu iqtisadi cəhətdən rentabelli deyil. Bu səbəbdən tranzit və sulfid filizlərinin əvvəlcə süni yolla aşındırılması tələb olunur. Yalnız bundan sonra qızılın çökdürülməsi və qaneedici miqdarda çıxımının təmin edilməsi mümkün olur.

Bütün bunlar nəzərə alınaraq, ÇİRES-də emalı planlaşdırılan bütün növ filizlər üzrə istehsal metodunun müəyyənləşdirilməsi üçün geniş metallurji tədqiqatlar aparılıb. Beynəlxalq nüfuzlu məsləhətçi “MICON INTERNATIONAL” şirkəti tərəfindən Təfərrüatlı Texniki-İqtisadi Əsaslandırma və İlkin Layihələndirmə sənədləri hazırlanıb. Layihə sənədlərinə əsasən, maksimum effektliyin təmin edilməsi üçün qızıl mədənlərinin oksid fazası üzrə topa qələviləşdirmə, sulfid fazası üzrə çəndə qələviləşdirmə (CIL – Carbon in leach) metodu ilə emalı qərara alınıb”.

Fuad Mədətov
Fins.az