Siyasət

31 Yanvar

Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodu illik istehsal həcmini maksimal həddə çatdırmağı planlaşdırır

Fəaliyyətin ilkin mərhələsində zavodda yerli tələbat və ixrac potensialları qiymətləndirilməklə illik 14 min ton ANFO və H-ANFO partlayıcı maddələrinin istehsalı nəzərdə tutulub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun dağ-mədən sənayesi üzrə mövcud potensialı, genişmiqyaslı tikinti layihələri, həmçinin ixrac potensialı nəzərə alınaraq, növbəti mərhələdə zavodun illik istehsal həcminin maksimal həddə – 31.5 min tona çatdırılması planlaşdırılır.

Fins.az xəbər verir ki, bunu “AzerBlast” MMC-nin İcraçı direktoru Rizvan Baxşiyev deyib.

Onun sözlərinə görə, müəssisənin təhlükə potensiallı istehsal sahəsi olduğu xüsusilə nəzərə alınaraq, zavodda yerli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun texniki təhlükəsizlik tam təmin olunub:

“Layihəyə 15 milyon manat sərmayə qoyulub. İnşaat işlərinə 5.5 milyon manat, avadanlıqların alınması və quraşdırılmasıma 4 milyon manat vəsait sərf olunub. Layihə dövlət büdcəsinə əlavə yük yaradılmadan, təsisçilərin daxili imkanları hesabına icra edilib. Layihə üzrə nəzərdə tutulan digər vəsaitlər isə əməliyyat xərclərini təşkil edir.

Zavodun Gəncə şəhərində inşa edilməsində məqsəd ölkəmizin əsas dağ-mədən sənaye mərkəzinə yaxınlıqda yerləşməsi, həmçinin bölgədə iqtisadi aktivliyin, əhalinin məşğulluğunun artırılmasına əlavə töhfə verməkdir”.

“AzerBlast” MMC “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşmış törəmə cəmiyyətidir. MMC 9 mart 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. “AzerBlast”ın yaradılmasında məqsəd mədənlərin hasilatı prosesində və digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə daxili tələbatın ödənilməsi, idxaldan asılılığın aradan qaldırılmasıdır. Həmçinin MMC istehsal etdiyi məhsulların xarici bazarlara çıxarılmasını, ölkəmizin ixrac potensialının artırılmasına töhfə verməyi qarşıya hədəf qoyub. Bu məqsədlə 2023-cü ilin əvvəlində ölkəmizdə ilk dəfə Gəncə şəhərində Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodunun inşaat işlərinə başlanılıb. Zavodun tikintisi təqribən 12 ay davam edib. 28 dekabr 2023-cü il tarixində isə zavod sınaq rejimində istifadəyə verilib.

İllik istehsal gücü 31.5 min ton həcmində qiymətləndirilən zavod müasir istehsalat texnologiyaları, yüksək təhlükəsizlik və ekoloji normalar əsasında qurulub. Müəssisədə, xüsusilə dağ-mədən və inşaat sənayesində istifadə olunan partlayıcı növləri ANFO və Heavy ANFO-nun istehsalı həyata keçirilir.

Fuad Mədətov
Fins.az