Siyasət

19 Yanvar

Azərbaycandan ixrac olunan xam neft və neft məhsullarının həcmi artıb

2023-cü ildə Azərbaycanın xam neft və neft məhsullarının ixracından əldə etdiyi gəlir 2022-ci ildəki 19,5 milyard dollarla müqayisədə azalaraq 16 milyard dollardan çox olub.

Fins.az bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Beləliklə, ölkənin xam neft və neft məhsullarının ixracından əldə etdiyi gəlir illik hesablamada 16,6 faiz azalıb.

Azərbaycandan ixrac olunan xam neft və neft məhsullarının həcmi 2022-ci ildəki 26,024 milyon tonla müqayisədə 0,08 faiz artaraq 26,047 milyon tona çatıb.

DGK-nin məlumatlarına əsasən, hesabat dövründə Azərbaycanın ixracının ümumi həcmində xam neft və neft məhsullarının payı 2022-ci ildəki 51,08 faizlə müqayisədə azalaraq 47,91 faiz olub.

Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya bazarına üç boru ilə - Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərləri ilə nəql olunur. Hazırda Bakı-Supsa boru kəməri ilə nəql dayandırılıb.

Bundan başqa, neft dəmir yolu ilə Gürcüstanın Batumi və Kulevi terminallarına ixrac olunur.

Fuad Mədətov
Fins.az