Siyasət

17 Yanvar

Azərbaycan enerji strategiyasına görə dünya liderləri sırasındadır

Dünya İqtisadi Forumunun 2023-cü il hesabatı bunu təsdiq edir

Azərbaycan Respublikası uğurla inkişaf edir və çox önəmlidir ki, bu inkişaf davamlıdır və inklüziv cəmiyyətin formalaşmasına xidmət edir. Beynəlxalq təşkilatların çoxsaylı hesabatları və dərc edilmiş analitik təhlillər bunu sübut edir. Bu uğurların qazanılmasında Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və son 20 ildə  tam yeni səviyyəyə qaldırılmış, müasir elmə əsaslanan yeni dövlət idarəetmə texnologiyaları durur. 

Keçən 2023-cü ilin sonunda Azərbaycan Respublikasının uğurlarını əks etdirən və davamlı inkişafa xidmət edən yeni bir hesabat dərc edildi. Dünya İqtisadi Forumunun 2023-cü il üçün dərc etdiyi bu hesabata əsasən, Azərbaycan Respublikası iqlim dəyişmələrinin, qarşısının alınması üçün ən əhəmiyyətli tədbirlərin nəticəsi olan enerji keçid (transformasiyası) göstəricisinə görə dünyada yüksək nailiyyət nümayiş etdirib və bir çox dünya ölkələrini, o cümlədən "böyük yeddilik" (G7), Avropa İttifaqının üzvü olan bəzi dövlətləri geridə qoyub. Bakıda 2024-cü ildə keçiriləcək COP29 sessiyası ərəfəsində bu göstəricilərin dərc edilməsi olduqca önəmlidir və ölkəmizin bu tədbirin keçirilməsi üçün seçilməsinin əsaslı olmasını bir daha göstərir.  

İqlim dəyişmələri bəşəriyyət qarşısında duran və davamlı inklüziv inkişafı əngəlləyən ən qlobal çağırışlar sırasındadır. Bu çağırışa cavab vermək, iqlim dəyişmələrinin hazırkı və gələcək nəsillər üçün törətdiyi fəsadları qarşılamaq üçün milli və beynəlxalq səviyyədə bir çox tədbir həyata keçirilir. Bu tədbirlər arasında iqlim dəyişmələrinə aid olan BMT-nin Çərçivə Konvensiyasına qoşulmuş ölkələrin beynəlxalq konfransları xüsusi əhəmiyyət daşıyır. Konvensiyanın məqsədi iqlim dəyişmələrinə qarşı mübarizənin gücləndirilməsi və artıq baş vermiş və potensial təsirlərin yumşaldılmasıdır. Hazırda göstərilən çərçivə konvensiyaya 190-dan çox ölkə qoşulub və onlar mütəmadi olaraq bu mövzuya həsr olunmuş qlobal miqyasda konfranslar keçirdilər. Bu tədbirlər "konvensiya tərəfdaşlarının konfransı"dır və ingilis dilində adının baş hərflərinin ixtisarı şəklində "COP" və tədbirin sayca ardıcıllığını əks etdirən rəqəmlə işarələndirilir. 2023-cü ildə bu konfrans, yəni COP Dubayda keçirilmişdi və 1992-ci ildən sonra sayca 28-ci olduğu üçün COP28 kimi məlumdur. Konvensiya iştirakçılarının ümumi qərarı əsasında 2024-cü ildəki 29-cu konfrans - COP29 Azərbaycan Respublikasının paytaxtı Bakıda keçiriləcək. 
Azərbaycan Respublikasının belə bir möhtəşəm dünya miqyaslı tədbirin keçirilməsi üçün seçilməsi təsadüfi deyil. İqlim dəyişmələrinin  qarşısının alınması və  artıq bu istiqamətdə baş vermiş təsirlərin yumşaldılması ilk növbədə istixana effektini törədən qazların atmosferə tullanmasını ya sıfır səviyyəsinə endirilməsini, ya da əhəmiyyətli dərəcədə azaldılmasını tələb edir. Bu isə öz növbəsində  enerji keçidinin (transformasiyanın) əsas istiqaməti olan bərpa edilməyən qazıntı (fossil) enerji mənbələrindən (kömür, neft, qaz, torf, müxtəlif növ bitumlar, çist qazı və s.), bərpa olunan enerjidən (günəş, külək, su axarları və s.) istifadəyə keçmək deməkdir. Dünya İqtisadi Forumu bu prosesləri son onillikdə, yəni 2014-2023-cü ildə necə getdiyini təhlil etmişdir. Bu təhlilə əsasən, dünya ölkələrinin Enerji Keçid (Transformasiyası)  İndeksi hesablanmışdı. Tədqiqatlar göstərdi ki, bu siyahıya İsveç 75.5 indeksi ilə başçılıq edir. Minimal Enerji Transformasiya İndeksi (40) Yəmən Respublikasında qeyd edilib. Azərbaycan Respublikasının indeksi 62-yə bərabərdir və bu göstərici ilə ölkəmiz dünyada 32-ci yerdədir. Şəkil 1-də Azərbaycan Respublikasının və bəzi iqtisadi inkişaf etmiş ölkələrin enerji keçidi indeksi barəsində məlumatlar təqdim olunmuşdur. 

Şəkil 1. Azərbaycan Respublikası və bəzi iqtisadi inkişaf etmiş ölkələrin Enerji Keçidi (Transformasiya) İndeksi. Mənbə: Dünya İqtisadi Forumu, 2023   

Şəkil 1-dən göründüyü kimi, son on ildə (2014-2023) iqlim dəyişmələri kimi qlobal çağırışın qarşılanması istiqamətində Azərbaycan Respublikası əhəmiyyətli işlər həyata keçirmişdi və bunun nəticəsində ölkənin enerji keçidi göstəricisi kifayət dərəcədə yüksəkdir. Bu, ilk növbədə dövlətin inkişaf strategiyasının innovativ və davamlı olması, dövlət idarəçiliyində dünyada ilk dəfə tətbiq  edilən tam yeni dövlət idarəçilik texnologiyalarının istifadəsinin nəticəsidir. Hazırda bu sahədə qazanılan uğurlar dövlət siyasətinin daha bir nümunəsi kimi dəyərləndirilə bilər.      
Dünya İqtisadi Forumunun enerji keçidinə həsr olunmuş hesabatı 2023-cü ilin sonunda dərc edilmişdi və tədqiqata 120 ölkə cəlb edilmişdi. Onların əhəmiyyətli payı Dünya Bankının təsnifatına görə gəlirləri yüksək olan ölkələr qrupuna aiddir. Şəkil 1-də təqdim olunmuş ölkələr də Azərbaycan Respublikası ilə birlikdə yüksək gəlirləri olan dövlətlər qrupuna aiddir. Bizim ölkə isə hazırda ortagəlirli ölkələr qrupundadır. Buna baxmayaraq, Azərbaycanın enerji keçidi sahəsində qazandığı nəticələr göstərilən yüksəkgəlirli ölkələrdən daha əhəmiyyətlidir (şəkil 2). 

 

Şəkil 2. Azərbaycan Respublikası və bəzi iqtisadi inkişaf etmiş ölkələrdə hər nəfərə düşən Ümumdaxili Məhsulun dəyəri (ABŞ dolları, alıcılıq qabiliyyəti pariteti ilə) və   Enerji Keçidi İndeksi. Mənbə: Dünya Bankı, 2024; Dünya İqtisadi Forumu, 2023    

Şəkil 2-də təqdim olunmuş rəqəmlərdən aydın olur ki, müqayisə edilən ölkələrin iqtisadi imkanları fərqlidir. Bu ölkələr arasında çox yüksək iqtisadi imkanları olan Belçika və İtaliya da mövcuddur ki, onlarda ildə hər nəfərə düşən ÜDM-in həcmi, müvafiq olaraq, 60 və 50 min ABŞ dollarından (alıcılıq qabiliyyəti pariteti ilə) yüksəkdir. Cədvəldə təqdim olunmuş digər ölkələrin iqtisadi göstəriciləri də yüksəkdir. Bu ölkələrdə ildə hər nəfərə düşən ÜDM-in  dəyəri 30-40 min ABŞ dolları təşkil edir. Belə bir şəraitdə iqtisadi imkanları daha məhdud olan Azərbaycan Respublikası enerji keçidində daha yüksək nəticələr əldə etmişdir. 
Dövlət  idarəçiliyində çox sadə bir tənlik mövcuddur: fəaliyyətin nəticəsi iki amil - imkan və bu imkanlar necə idarə olunduğundan asılıdır. Məhdud imkanlar şəraitində yüksək nəticələr qazanılması idarəçiliyin yüksək səviyyədə olmasına dəlalət edir. Beynəlxalq statistikada bu prosesi dəyərləndirmək üçün istifadə olunan üsullardan biri ümumi daxili məhsulun (ÜDM) hər vahidinin istifadəsi nəticəsində əldə edilmiş nəticədir. Enerji keçid (transformasiya) indekslərinə dair bu təhlilin nəticələri şəkil 3-də təqdim olunub. 

Şəkil 3. Enerji keçidi prosesinin iqtisadi səmərəliyi: ÜDM-in hər vahidinə (ABŞ dolları, alıcılıq pariteti qabiliyyəti ilə) qazanılmış enerji keçid indeksi vahidi. Mənbə: Dünya Bankı, 2024; Dünya İqtisadi Forumu, 2023. 

Dünya Bankı və Dünya İqtisadi Forumunun məlumatları əsasında tərtib edilmiş Şəkil 3-dən göründüyü kimi müqayisə edilən ölkələr arasında enerji keçidi sahəsində ən yüksək iqtisadi səmərəliliyi Azərbaycan Respublikası nümayiş etdirir. Nisbətən məhdud resurslarla daha yüksək nəticələr əldə edilməsi yalnız təkmil idarəetmə şəraitində mümkündür. 
İqlim dəyişməsi üçün önəmli olan enerji keçidi sahəsində Azərbaycan Respublikasının qazandığı üstünlüklər dövlət idarəçilik elmi və praktikasına gətirilən yeni texnologiyalar kompleksin tədbiqidir. Bu kompleks sinergetik, komplementar, kompensasion və komplimentar (komplementar ilə qarışdırılmasın) texnologiyalardır. Bu texnologiyaların formalaşmasında və həyata keçirilməsində ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri əvəzsizdir. 
Qeyd edilməlidir ki, enerji keçidi sahəsində fəaliyyətinə görə Azərbaycan Respublikası keçmiş SSRİ ölkələri arasında da liderdir (şəkil 4). 

Şəkil 4. Azərbaycan Respublikası və bəzi keçmiş SSRİ ölkələrinin Enerji Keçidi (Transformasiya) İndeksi. Mənbə: Dünya İqtisadi Forumu, 2023

Şəkil 4-dən göründüyü kimi, Dünya İqtisadi Forumu tərəfindən tədqiqata cəlb edilmiş keçmiş SSRİ ölkələri arasında da Azərbaycan Respublikası enerji keçidi (transformasiyası) sahəsində liderdir. Dünya İqtisadi Forumunun təhlilində təqdim olunmuş rəqəmlərdə aydın olur ki, ölkəmiz və bu qrupa aid olan dövlətlər arasında fərq olduqca böyükdür. Keçmiş SSRİ ölkələri arasında öz enerji transformasiyası indeksinə görə Azərbaycana ən yaxın ölkə Gürcüstandır. Lakin bu ölkənin müvafiq indeksi Azərbaycandan 7.2 vahid aşağıdır. Bu kifayət dərəcədə yüksək fərqdir. 
Qeyd edilməlidir ki, enerji transformasiya indeksi hesablanmasında enerji mənbəyi ilə yanaşı, digər yeddi parametr nəzərə alınır. İqtisadiyyat və məişətdə istifadə olunan enerjinin növü, onun davamlı inkişafın tələbləri ilə əlaqədar, "yaşıl" olması uğurlu enerji keçidinin (transformasiyasının) yalnız bir şərtidir. Enerji transformasiyanın digər vacib şərti enerji səmərəliliyidir. Azərbaycan Respublikası bu sahədə də yüksək nailiyyətlər əldə etmişdir. Beynəlxalq standartlara əsasən, enerji səmərəliliyinin dəyərləndirilməsi üçün bir neçə üsuldan istifadə edilir. Onlardan biri hər vahid enerjinin istifadəsi nəticəsində hansı dəyərdə ÜDM istehsal olunduğuna əsaslanır. Bu zaman enerji vahidi kimi bir  kiloqram neftdə olan enerji - neft ekvivalenti enerji vahidi kimi istifadə olunur. Dünya Bankının hesabatlarına əsasən, ölkəmizdə 2003-cü ildə bir vahid enerjinin istifadəsi nəticəsində dəyəri 4 ABŞ dolları olan ÜDM istehsal olunurdu. Bu beynəlxalq təşkilatın ən son dərc etdiyi məlumatlarına görə ölkəmizdə bu rəqəm 11,6 ABŞ dolları təşkil edir, yəni son 20 ildə ölkədə enerji səmərəliliyi təxminən 3 dəfə artıb. Müqayisə üçün qeyd etmək olar ki, eyni mənbələrə əsasən, bir vahid enerjinin istifadəsi nəticəsində ölkəmizdə 11,6 dəyəri olan ÜDM yaradılırsa, qonşu Rusiya Federasiyasında bu rəqəm 5,3, İran İslam Respublikasında - 5,3, Qazaxıstanda - 5,6 ABŞ dollarıdır (alıcılıq qabiliyyəti pariteti nəzərə almaqla). Azərbaycan Respublikasının enerji səmərəliyi sahəsində əldə etdiyi göstərici (hər vahid enerjiyə 11,6 ABŞ dolları) müqayisə edilə bilər: Fransa (11,1 ABŞ dolları), Yaponiya (11,8  ABŞ dolları), Macarıstan (11,0 ABŞ dolları), Litva (11,8 ABŞ dolları) və digər iqtisadiyyatda yüksək nailiyyətlər əldə etmiş ölkələrlə. Bu rəqəmlər eyni vaxtda və eyni mənbədən əldə edilib və ona görə elmi təhlil və müqayisə üçün tam yararlıdır. 
Enerji keçidi (transformasiyası) indeksinin hesablanmasında istifadə edilən digər göstərici atmosferə karbon qazının (CO2) emissiyasıdır. Enerji səmərəliliyi ölkədə artdığından 2000-ci illə müqayisədə karbon qazının emissiyası da 5 dəfəyə qədər azalıb. Ümumiyyətlə, qeyd edilməlidir ki, enerji keçidinə xidmət edən bütün istiqamətlərdə ölkəmiz sürətlə irəliləyir. Bu öz əksini ölkədə energetika  infrastrukturunun tam yenilənməsi, enerji təminatının yüksək səviyyədə və təhlükəsiz şəraitdə təmin edilməsi, sahəyə məqsədli investisiya  və digər fəaliyyətlərdə öz əksini tapmışdı. Azərbaycan Respublikasının enerji transformasiya sahəsində lider olması bu fəaliyyətlərin kompleks şəkildə həyata keçirilməsinin nəticəsidir. Bu səbəbdən COP29 sessiyasının ölkəmizdə keçirilməsi təsadüfi deyildir və ölkədə innovativ olan vahid inkişaf strategiyasının nəticəsidir.
Azərbaycan Respublikası son illərdə bir çox uğura imza atıb. Davos Dünya İqtisadi Forumunun dərc etdiyi hesabata əsasən, ölkəmiz dünyada ən müasir inkişaf göstəricisi olan inklüziv inkişaf sahəsində dünyada 25-ci yerdədir. 2023-cü ilin sonunda bu təşkilatın dərc etdiyi digər hesabata əsasən, enerji transformasiya sahəsində ölkəmiz dünyada 32-ci yerdədir. Nəzərə alınsa ki, ölkə iqtisadi imkanlarına görə dünyada 83-cü yerdədir, aydın olur ki, bu nailiyyətlərin arxasında mükəmməl dövlət idarəçiliyi durur. Nəzərə alınmalıdır ki, eyni tarix kəsiyində  ölkəmizin ərazi bütövlüyü və tam suverenliyi bərpa edilib. Belə bir şəraitdə işğaldan azad olunmuş ərazilərin iqtisadi, sosial və humanitar reabilitasiya prosesi də uğurla gedir. Eyni zamanda ölkə uğurlu sosial siyasətinə görə beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. Dünya İqtisadi Forumunun hesabatında ölkəmiz mövcud iqtisadi imkanlar şəraitində gəlirlərin əhali arasında ədalətli bölünməsi sahəsində nümunə kimi təqdim edilmişdi.
Bütün bu nailiyyətlərin əsasında müasir elmə əsaslanan yeni dövlət idarəçilik texnologiyaları durur. Bu texnologiyaların bir çox elementləri olsa da, onların arasında ən vacibləri sinergetika və komplementarlıqdır.  Dövlət idarəçilik strukturunda Birinci vitse-prezident aparatının formalaşması, bu vəzifədə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın məqsədyönlü və uğurlu fəaliyyəti yeni dövlət idarəçilik texnologiyalarının vacib elementidir. COP29 ölkənin beynəlxalq səviyyədə keçirdiyi növbəti tədbirdir və onun uğurlu olacağına şübhə yoxdur.     

Urxan ƏLƏKBƏROV,
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik

© azerbaijan-news