Siyasət

12 Yanvar

Bərk Məişət Tullantılarının Yandırılması Zavodundan REKORD GÖSTƏRİCİ: 223 min kilovatt-saat elektrik enerjisi

Bərk Məişət Tullantılarının Yandırılması Zavodu 2023-cü ildə 531 min 400 ton tullantı emal edib - bu, müəssisənin fəaliyyət göstərdiyi 11 il ərzində rekord göstəricidir.

Fins.az bu barədə zavodun məlumatına istinadən xəbər verir.

"Bu tullantıların yandırılması sayəsində 222 min 900 kilovatt-saat elektrik enerjisi hasil edilib", - deyə müəssisədən bildiriblər.

Bu məlumatı energetika naziri Pərviz Şahbazov da bu gün "X" sosial şəbəkəsində təsdiqləyib.

Qeyd edək ki, zavod hazırda Fransanın "Paprec Group" şirkətinin idarəetməsi altındadır.

"Müəssisədə tullantıların yandırılması ilə faktiki olaraq elektrik enerjisi hasilatının pik həddi 2023-cü ildə təqribən 60 milyon kubmetr qaza qənaət etməyə imkan verib. Balaxanı qəsəbəsində 100 min ev elektrik enerjisi ilə təmin olunub", - deyə şirkətdən bildiriblər.

Qeyd edək ki, "Paprec Group" tullantıların emalı və ekoloji cəhətdən təmiz eneji hasilatı sahəsində 30 illik təcrübəyə malik olmaqla Avropada bu sahə üzrə əsas şirkətlərdən biridir.

Fuad Mədətov
Fins.az