Siyasət

12 Dekabr

Türkiyənin Atom Elektrik Stansiyasının birinci enerji blokunun istismarına icazə verilib

Türkiyənin Nüvə Tənzimləmə Agentliyi “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) birinci enerji blokunun istismarına icazə verib.

Fins.az xəbər verir ki, “Rosatom” korporasiyası bu barədə özünün sosial media hesabında məlumat yayıb.

 “Akkuyu” AES-in Baş direktoru Anastasiya Zoteyeva bildirib ki, Türkiyədə “Akkuyu” AES-in birinci blokunun istismarına icazə verilməsi ilə bağlı qərar qəbul edilib:

"Biz Türkiyə qanunvericiliyinin bütün tələblərini, atom elektrik stansiyalarının tikintisi ilə bağlı beynəlxalq standartları yerinə yetirmişik. Növbəti mərhələ birinci enerji blokunun istismarı üçün lisenziyanın alınması olacaq ki, bu da reaktora nüvə yanacağının yüklənməsinə və startdan öncəki nəzarət əməliyyatlarına başlamağa imkan verəcək".

Rusiyanın “Rosatom” dövlət korporasiyası tərəfindən tikilən Türkiyənin ilk atom elektrik stansiyası - “Akkuyu” AES-ə yeni nəsil reaktorları ilə təchiz olunan dörd enerji bloku daxildir. AES-in hər bloku 1200 MVt gücündə enerji generasiya edəcək.

Fuad Mədətov
Fins.az