Siyasət

11 Dekabr

OPEC+ alyansının əsasını qoyan Əməkdaşlıq Bəyannaməsinin imzalanmasının yeddi ili tamam olub

Dekabrın 10-da Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr və OPEC-ə daxil olmayan 10 neft hasil edən ölkə arasında tarixi Əməkdaşlıq Bəyannaməsinin (DoC) imzalanmasının yeddi ili tamam olub.

Fins.az xəbər verir ki, OPEC bununla bağlı bəyanat yayıb.

Təşkilatın bəyanatında deyilir: “Yeddi il əvvəl OPEC-ə üzv ölkələr və Azərbaycan, Bəhreyn Krallığı, Bruney Darüssəlam, daha sonra sənədə qoşulan Ekvatorial Qvineya, Qazaxıstan, Malayziya, Meksika, Oman Sultanlığı, Rusiya Federasiyası, Sudan Respublikası və Cənubi Sudan Respublikası qlobal neft bazarına təsir edən hadisələri müzakirə etmək üçün Avstriyanın paytaxtı Vyanada toplaşıblar.

Bu iclas neft bazarının sabitliyi naminə əməkdaşlıq və dialoq platforması kimi DoC-nin yaranmasına səbəb olub. Bu tarixi səylərə dəstək olaraq, digər istehsalçılar da görüşdə iştirak ediblər”.

Təşkilatın bəyanatında qeyd olunub ki, DoC-nin qəbulu OPEC Konfransının 28 sentyabr 2016-cı il tarixində Əlcəzairdə imzalanmış uğurlu “Əlcəzair Sazişi”nə və OPEC Konfransının 170-ci (fövqəladə) İclasında qərara alınan sonrakı “Vyana Sazişi”nə əsaslanıb.

OPEC-in Baş katibi Haysam Əl-Qais deyib: “Əməkdaşlıq Bəyannaməsi 23 neft hasil edən ölkə arasında qarşılıqlı hörmət, etimad və dialoqa əsaslanan əməkdaşlığı asanlaşdıran unikal platformadır. Meydana çıxan çətinliklərə baxmayaraq, bu razılaşma bazar sabitliyinin, qlobal iqtisadi artımın və enerji təhlükəsizliyinin dəstəklənməsində mühüm rol oynayıb”.

Çərçivənin əsas məqsədi bütün istehsalçıların, istehlakçıların və investorların, eləcə də bütövlükdə qlobal iqtisadiyyatın xeyrinə tədqiqat və texniki səviyyələr də daxil olmaqla, əməkdaşlıq və dialoq vasitəsilə qlobal neft bazarında davamlı sabitliyi dəstəkləməkdir.

“DoC-da iştirak edən ölkələr bu çərçivəyə və onun məqsədinə sarsılmaz sadiqlik nümayiş etdirməkdə davam edirlər. Bu razılaşma COVID-19 pandemiyasının səbəb olduğu neft bazarının kəskin daralmasından sonra daha aktual olub. Göstərilən qeyri-adi səylər qlobal pandemiyanın bərpası prosesini dəstəklədi və hökumətin ən yüksək səviyyələrində, digər beynəlxalq təşkilatlar və akademik dairələr tərəfindən tanındı”, -deyə Bəyanatda vurğulanıb.

Fuad Mədətov
Fins.az