Ağdərə rayonunun yaradılmasına görə dövlət büdcəsinə dəyişiklik edilir.
Fins.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
O qeyd edib ki, Azərbaycanda yeni rayon yaradılıb, Prezident İlham Əliyev tərəfindən bir sıra fərmanlar qəbul edilib.
“Bununla bağlı dövlət büdcəsinə bəzi düzəlişlərin edilməsinə ehtiyac yaranıb. Bu xərclər dövlət büdcəsinin xərcləri çərçivəsində baş verə bilər. Ağdərə rayonunun təsis edilməsi ilə bağlı qanun layihəsinə rayonun adının daxil edilməsinə ehtiyac yaranıb”, - deyə nazir əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində nəzərdə tutulur.