Siyasət

21 Noyabr

"Abşeron" yatağından qaz Türkiyə və Avropa bazarlarına yönləndirilə bilər - "TotalEnergies"

"Abşeron" yatağının işlənilməsinin növbəti mərhələsi çərçivəsində təbii qaz Türkiyə və Avropa bazarlarına yönləndirilə bilər.

Fins.az xəbər verir ki, bunu "TotalEnergies" şirkətinin icraçı direktoru Emmanuel De-Giyebon Bakıda Neft Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə keçirilən 10-cu İllik Xəzər Texniki Konfransında deyib.

"Hazırda yataqda hasil olunan qaz daxili bazarda satılır, lakin layihənin növbəti mərhələsində həcmlərin artacağını nəzərə alaraq, ixrac üçün Türkiyə və Avropa bazarları nəzərdən keçirilir. Əsas məsələ sözügedən bazarlarda tələbatın olub-olmamasında deyil, qazın lazımi bazarlara çatdırılıb-çatdırılmamasıdır", - o deyib.

Qeyd edək ki, "Abşeron" qaz-kondensat yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakı şəhərindən 100 km cənub-şərqdə yerləşir və "JOCAP" şirkəti tərəfindən istismar olunur.

SOCAR 2023-cü ildə yataqda hasilatın 1,8 milyon barel neft və 707 milyon kubmetr təbii qaz olacağını gözləyir. "Abşeron" yatağının işə salınması Azərbaycanın neft-qaz sektorunda "Şahdəniz-2"dən sonra ən böyük layihədir.

©Trend