Siyasət

21 Noyabr

SOCAR: Xəzərin enerji resursları avropalı tərəfdaşların enerji təhlükəsizliyini təmin edir

Xəzərin enerji resursları təkcə regionun deyil, həm də avropalı tərəfdaşların enerji təhlükəsizliyini təmin edir.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Babək Hüseynov Bakıda keçirilən "SPE Xəzər Texniki konfransı"nda deyib.

"Biz Avropa, Asiya və Yaxın Şərq ərazisində və enerji, tranzit və ticarət yollarının kəsişməsində yerləşirik. Enerji və karbon resurslarının, eləcə də, bərpa olunan potensialın idarə olunması və istifadəsi bu regiondan kənarda nəticələrə malik olmaqla dünya bazarlarına təsir göstərə bilir.

Digər sözlə desək, Xəzərin enerji resursları təkcə regionun deyil, həm də avropalı həmkarlarımızın enerji təhlükəsizliyini təmin edir və regionda ətraf mühitə zərər yetirmir. Biz hamımız enerji sahəsində fəaliyyət göstərən şirkətlər və ölkələr olaraq, ətraf mühiti qorumalıyıq. Bundan başqa, regionun bütün ölkələri üçün energetikadan əldə olunan gəlirlər iqtisadi inkişafda mühüm rol oynayır. Bu gəlirlər infrastruktur layihələrini, sosial proqramları, iqtisadi müxtəliflik və həyat səviyyəsinin yüksəldilməsi üzrə səyləri maliyyələşdirə bilər", - deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün Bakıda "SPE Xəzər Texniki konfransı" öz işinə başlayıb.

21-23 noyabr tarixlərində keçiriləcək tədbirdə dünya sənaye liderləri və texniki ekspertlər sahə üzrə səriştələrini bölüşmək, eləcə də bu sahədəki unikal çağırış və imkanları gözdən keçirmək üçün bir araya gələcək.

Xəzər regionunun dünya energetikasının gələcək dinamikalarının formalaşmasında mühüm rolunu nəzərə alaraq, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyilə təşkil olunmuş bu konfrans ekspertlər tərəfindən seçilmiş yüksək səviyyəli proqram, regionun qarşısında duran mühüm məsələlərlə bağlı panel müzakirələr təmin edəcək və neft-qaz sahəsində ekspertlərlə netvorkinq üçün unikal imkan yaradacaq.

Proqram cari vəziyyətin qiymətləndirilməsini əhatə edəcək və investorlar, operatorlar, eləcə də servis şirkətlərinin və regiondakı dövlət orqanlarının nümayəndələrinə mühüm müzakirələr təklif edəcək.

©Trend