Siyasət

14 Noyabr

Aİ-dən kritik xammal addımı

Avropa İttifaqı (Aİ) hökumətləri və parlamentarilər adından danışıqlar aparan Aİ müzakirəçiləri, digər ölkələrdən, xüsusilə də Çindən asılılığı azaltmaq üçün litium və nikel kimi kritik xammalın yerli tədarükü ilə bağlı qanun layihəsi üzərində razılığa gəliblər.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Avropa Komissiyası mart ayında Aİ strategiyasının ən mühüm hissəsi olan və təmiz texnologiya məhsullarının istehsalında ABŞ və Çinlə rəqabət aparmağa imkan verən Kritik Xammal Aktı təklif etdi.

Təklifə əsasən, Aİ 2030-cu ilə qədər 16 “strateji xammala” illik ehtiyacının ən azı 10 faizini hasil edəcək, ən azı 40 faizini emal edəcək və ən azı 25 faizini təkrar emal edəcək.

Avropa Parlamenti və Aİ hökumətlərindən ibarət Aİ Şurası ümumi mətn üzərində razılığa gəlməli idi. Dünən əldə olunan razılaşma sözügedən qanunun 2024-cü ilin əvvəlində qüvvəyə minməsi üçün zəmin hazırladı.

Danışıqçılar həmçinin alüminiumun, eləcə də sintetik qrafiti strateji xammal siyahısına əlavə etmək barədə razılığa gəliblər. Təbii qrafit artıq siyahıda idi.

Sintetik qrafitin daxil edilməsi Çinin qrafit ixracına nəzarəti gücləndirmək planına doğru bir addımdır.

Çin oktyabrın 20-də kritik mineralların tədarükünə nəzarət addımı çərçivəsində milli təhlükəsizliyi qorumaq üçün bəzi qrafit məhsulları üçün ixrac icazəsi tələb edəcəyini açıqladı.

Dünyanın ən böyük qrafit istehsalçısı və ixracatçısı olan Çin, həmçinin dünya qrafitinin 90 faizindən çoxunu, demək olar ki, bütün elektrikli avtomobil akkumulyatorlarının anodlarında istifadə olunan materiala təmizləyir.

Aİ nadir torpaq metalları və litium kimi yaşıl enerjiyə keçid üçün həyati əhəmiyyət kəsb edən materiallarda Çindən asılıdır.

Günel Məlikzadə
Fins.az