Siyasət

25 Oktyabr

Nazir: “OPEC+” üzrə Səudiyyə Ərəbistanı-Rusiya əməkdaşlığı davam edəcək

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması üzrə Səudiyyə Ərəbistanı-Rusiya əməkdaşlığı davam edəcək.

Fins.az Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman əl Səud bildirib.

“Əgər OPEC+ üzvü olan qalan ölkələrin iştirakı ilə Səudiyyə Ərəbistanı-Rusiya əməkdaşlığı olmasaydı, biz digər bazarlarla müqayisədə bu sabitliyə nail ola bilməzdik və bu əməkdaşlığı davam etdirəcəyik”, - deyə nazir bildirib.

Oktyabrın 4-də Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, neft hasilatında əlavə könüllü azalma elan edən bütün “OPEC+” ölkələri öz öhdəliklərini yerinə yetirirlər.

Qeyd edək ki, razılaşmanın çərçivəsində “OPEC+” üzvləri 2023-cü ilin sonuna qədər gündəlik neft hasilatını 2 mln. barel azaldacaq. İyun ayında keçirilən nazirlərin son iclasında alyans 2024-cü ildən gündəlik neft hasilatını sutkada təxminən 1,4 mln. barel azaldacağını bəyan edib. Bundan əlavə, bir sıra razılaşma iştirakçısı (həmçinin Səudiyyə Ərəbistanı və Rusiya) kvotaları əlavə könüllü azaltmalara da qərar verib.

Xatırladaq ki, Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.

Məhəbbət Məmmədov
Fins.az