Siyasət

13 Oktyabr

Neft Fondu “AAA” reytinqli investisiya alətlərinə üstünlük verməkdə davam edir

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və pul bazarı alətləri portfelinin kredit reytinqləri üzrə təsnifatında 30.09.2023 tarixinə birinci yerdə "AAA" reytinqli investisiya alətləri qərarlaşıb.

Fins.az-ın ARDNF-nin cari ilin doqquz ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, qeyd olunan göstərici 72,8% təşkil edib, bu da ilin əvvəlində qeydə alınan göstəricisi (31.12.2022 tarixinə - 73,7%) ilə müqayisədə 0,9 faiz bəndi azdır.

Məlumata görə, hesabat dövrünə Fondun investisiyalarının 15%-i "AA" reytinqli, 8,1%-i "A" reytinqli, 3,5%-i "BBB" reytinqli, 0,6%-i isə qeyri-investisiya dərəcəli alətlərinə yatırılıb.

Bundan başqa, yerləşdirmə müddəti üzrə təsnifata əsasən, Fondun investisiyalarının 23,1%-i 0-1 il (31.12.2022 tarixinə - 22,5%), 29,3%-i 1-3 il, 20%-i 3-5 il, 27,6%-i isə 5 ildən artıq müddətinə yerləşdirilib. Bu da o deməkdir ki, Fond yerləşdirmə tarixi daha az olan istiqrazlar və pul bazarı alətlərinə investisiyalarını artırıb.

Qeyd edək ki, hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 55 521,27 mln. dollara çatıb.

Məhəbbət Məmmədov
Fins.az