Siyasət

13 Oktyabr

Aleksandr Novak: Qaz kartelinin yaradılması məsələsi müzakirə olunmur

Rusiya və Qətərin iştirakı ilə qaz kartelinin yaradılması məsələsi müzakirə olunmur.

Fins.az xəbər verir ki, bunu “RT Arabik”ə müsahibəsində Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.

Onun sözlərinə görə, qaz sənayesində Qaz İxrac edən Ölkələrin Forumu (GECF) adlı assosiasiya var, lakin o, kvota müəyyən etmir. Orada əsasən bazarlardakı mövcud vəziyyət, proqnozların nədən ibarət olduğu məsələlərin müzakirəsi gedir və təbii olaraq bu forumda dünya bazarlarına əsas qaz tədarükçüsü olan ölkələr iştirak edir. Bunların sırasında həm Rusiya, həm də Qətər var.

“Və biz bu forum çərçivəsində Qətərlə qarşılıqlı əlaqədəyik. Amma qaz kartelinin yaradılması perspektivləri bu gün müzakirə olunmur”, - Aleksandr Novak qeyd edib.

GECF dünyanın aparıcı qaz ixracatçılarını birləşdirən hökumətlərarası təşkilatdır. Onun üzvləri 12 dövlətdir: Əlcəzair, Boliviya, Venesuela, Misir, İran, Qətər, Liviya, Nigeriya, Trinidad və Tobaqo, Rusiya, Ekvatorial Qvineya və BƏƏ. Bu ölkələr dünya qaz ehtiyatlarının təxminən 70%-nə, dünya LNG ixracının 52%-nə və boru kəmərləri ilə nəql olunan qazın 47%-nə nəzarət edirlər.

Məhəbbət Məmmədov

Fins.az