Siyasət

10 Oktyabr

Aİ ölkələri bərpa olunan enerji hədəflərini artırıb

Aİ Şurası üzv ölkələrin bərpa olunan enerji tənzimləməsinin yenilənməsini təsdiqlədiyini açıqlayıb.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, 2030-cu ilə qədər külək və günəş kimi müxtəlif bərpa olunan mənbələrin Aİ-nin ümumi enerji istehlakında payı  42,5%-ə yüksələcək.

Sənaye bərpa olunan enerjidən istifadəni hər il 1,6 faiz artırmalı olacaq.

Nəqliyyat sektorunda təmiz yanacağın payı artırılacaq və tullantılar azalacaq.
Binalarda bərpa olunan enerjinin payının 2030-cu ildə ən azı 49 faiz olması hədəflənəcək. Bərpa olunan enerji layihələri üçün icazə prosedurları sürətləndiriləcək.

Daha əvvəl Avropa Parlamenti (AP) tərəfindən təsdiq edilən tənzimləmə Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.

Bu tənzimləmədən əvvəl Aİ-nin bərpa olunan enerji hədəfi 2030-cu il üçün 32% olaraq təyin edilmişdi.

Son vaxtlar Aİ ölkələrinin ümumi enerji istehlakında bərpa olunan mənbələrin payı 22 faiz civarındadır.

Bu tənzimləmə Avropa Yaşıl Sazişində iqlim hədəflərinə cavab vermək və Rusiyadan enerji asılılığını azaltmaq üçün hazırlanmışdır.

Günel Məlikzadə
Fins.az