Siyasət

03 Oktyabr

Petkim STAR NEZ-in dolayı səhmdarı oldu

SOCAR-ın Türkiyədəki “Petkim” neft-kimya kompleksi 12% payla “STAR” neft emalı (NEZ) zavodunun dolayı səhmdarına çevrilib.

Bu barədə Fins.az” "SOCAR Türkiye" şirkətinə (SOCAR-ın törəmə şirkəti) istinadən xəbər verir.

Məlumata görə, “Petkim” tərəfindən 2018-ci ildə elan edilmiş əhəmiyyətli səhm alqı-satqısı əməliyyatı bütün şərtlərə əməl olunmaqla oktyabrın 2-də başa çatıb.

“”Petkim”in 2018-ci ildə elan etdiyi mühüm səhm alqı-satqısı bu gün (2 oktyabr 2023-cü il tarixində - red.) bütün şərtlər yerinə yetirilməklə tamamlandı. Pay alqı-satqısı əməliyyatı ilə Petkim dolayı olaraq ISO 500 hesabatına görə Türkiyənin ikinci ən böyük sənaye müəssisəsi olan “STAR Rafineri A.Ş.”nin 12%-lik ortağı oldu. “Petkim” son illərdə strateji əhəmiyyətli neft emalı sektoruna yatırdığı bu mühüm investisiya üçün 480 milyon ABŞ dolları məbləğində ilkin ödəniş edib”, - məlumatda qeyd olunur.

Qeyd olunur ki, bu əməliyyatın təsirləri “Petkim”in cari ilin dördüncü rübündən etibarən konsolidasiya edilmiş maliyyə hesabatlarına öz əksini tapacaq.

Xatırladaq ki, 2008-ci il mayın 30-da “Petkim Petrokimya Holding A.Ş.”nin səhmlərinin 51%-i hərraca çıxarılıb və 2 milyard 40 milyon dollara SOCAR tərəfindən əldə edilib. Hazırda "Petkim"in nəzdində aşağı sıxlıqlı polietilen, yüksək sıxlıqlı polietilen, polipropilen, polivinil xlorid, akrilonitril, etilen qlikol, saflaşdırılmış turşu, aromatik karbohidrogenlər, etilen-propilen, xlor qələvi, vinil xlorid monomer, plastik işlər və ftal anhidridi zavodları fəaliyyət göstərir.

Fuad Mədətov
Fins.az