Siyasət

14 Sentyabr

Azərbaycanda bu il 29 mlrd. manatlıq neft və qaz hasil edilib

Bu ilin yanvar-avqust aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 30,9 mlrd. manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2% azalıb.

Bu barədə Fins.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 29 211,5 mln. manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 1,9% azdır.

Məlumata əsasən, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 20 147,6 min. ton, əmtəəlik təbii qaz hasilatı isə 24 142,3 mln. kubmetr təşkil edib.

“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,6% azalıb, əmtəəlik qaz hasilatı isə 5,3% artıb”, - hesabatda qeyd olunur.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda cəmi 20 229,9 min ton neft (7,5% azalma ) və 32 199,6 mln. kubmetr qaz (5% artım) hasil edilib.

Günel Məlikzadə 
Fins.az