Siyasət

07 Sentyabr

Səudiyyə Ərəbistanı ilə Rusiyanın əldə etdiyi razılıq dünya bazarlarında neftin qiymətinin artmasına səbəb olub

Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılması haqqında əldə olunan razılığın müddətinin uzadılması haqqında qərar qəbul ediblər.

Fins.az xəbər verir ki, bu qərar dünya bazarlarında neftin qiymətinin artmasına səbəb olub. Amerika və Avropa birjalarında neftin bir barelinin qiyməti 2 faiz artıb. Hazırda dünya bazarına çıxarılan neftin həcmi 1 milyon 300 min barel azalıb.

OPEC lideri olan Səudiyyə Ərəbistanının Rusiya ilə anlaşması Qərbin narazılığına səbəb olub. ABŞ və Avropada hesab edirlər ki, neftin qiymətinin artması Rusiya üçün faydalıdır. Belə ki, Rusiya sanksiyalara qoşulmayan ölkələrlə neft ticarətini davam etdirərək gəlir əldə edir və bu gəliri Ukraynada müharibəyə yönəldir.

Qiymət artımı daha çox Avropa və ABŞ istehlakçılarına ziyan vurur. Sənaye cəhətdən inkişaf edən bu dövlətlərin yanacağa daha çox tələbatları var.

Bu gün dünya birjalarında WTI (West Texas Intermediate) markalı neftin bir barelinin qiyməti 3 faiz artaraq 88 dollara çatıb. Bununla yanaşı, WTI və Brent markalı neftin də qiymətləri son 3 ayda 3 dəfə artıb.

Azərbaycan da neft ixrac edən dövlətdir və dünya bazarında neftin bir barelinin qiymətində müşahidə olunan artım ölkə iqtisadiyyatına müsbət təsir göstərir. Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti dünya bazarında 95,75 dollara satılır. Avqust ayında isə “Azəri Light” markalı neftin bir barelinin qiyməti 88,60 dollara satılırdı.