İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsi istehsal fəaliyyətini genişləndirir. Son illər burada məhsul istehsalında müsbət dinamika müşahidə olunur.
2022-ci ilin birinci yarısında sənaye məhəlləsində 5,2 milyon manatlıq məhsul istehsal edildiyi halda, cari ilin müvafiq dövründə bu göstərici 32,1 milyon manat (6 dəfədən çox) təşkil edib. Bütövlükdə isə, Hacıqabul Sənaye Məhəlləsində indiyədək dəyəri 76 milyon manatdan çox məhsul istehsal edilib.
İstehsal edilən məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldilib. Hazırda 100-dən çox insanın daimi işlə təmin edildiyi sənaye məhəlləsində ümumi investisiya həcmi 57,7 milyon manatdan çox olan 13 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib və bunlardan 8-i artıq fəaliyyətə başlayıb. Sənaye Məhəlləsinin rezidentləri minik avtomobillərinin, tikinti materiallarının, müxtəlif növ polad şurupların, taxta məhsullarının, plastik qabların və taraların istehsalı və s. sahələr üzrə ixtisaslaşıb.
Mövcud layihələr üzrə Hacıqabul Sənaye Məhəlləsinə əlavə olaraq 32,3 milyon manat investisiyanın yatırılması, 390-dan artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.