Siyasət

01 Sentyabr

Qazaxıstanda AES tikintisi ilə bağlı məsələ referenduma çıxarılacaq

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev parlamentin sessiyasında atom elektrik stansiyasının tikintisi və ya bundan imtina edilməsi məsələsini ümumxalq referenduma çıxarmağı təklif edib.

Fins.az Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Kasım-Jomart Tokayev deyib: “Bu məsələ ilə əlaqədar ictimai dinləmələr və geniş hərtərəfli müzakirələri davam etdirmək lazımdır. Mən 2019-cu ildə öz seçkiqabağı kampaniyamda vəd etmişdim ki, daha mühüm strateji problemlər üzrə qərarlar referendum vasitəsilə qəbul olunacaq. AES-in tikintisi və ya ondan imtina edilməsi son dərəcə mühüm məsələdir və ölkəmizin gələcəyi ilə bağlıdır. Ona görə də onu ümumxalq referendumuna çıxarmağı təklif edirəm. Konkret müddətlər üzrə qərarları sonra qəbul edəcəyik”.

Qazaxıstanın dövlət başçısı nüvə energetikasını xüsusilə mühüm iqtisadi və siyasi məsələ adlandırıb. O qeyd edib: “Bilirsiniz ki, ölkəmizdə AES-in tikintisinin məqsədəuyğun olması ilə bağlı müxtəlif fikirlər var. Bir tərəfdən, dünyada ən böyük uran istehsalçılarından biri olan Qazaxıstan özünün nüvə generasiyasına malik olmalıdır. Digər tərəfdən, vəətəndaşların bir çoxunda və bəzi ekspertlərdə atom stansiyalarının təhlükəsizliyi ilə bağlı şübhələr var. Bu, Semipalatinsk nüvə poliqonunun faciəli təcrübəsi fonunda məntiqlidir”.

Bu ərəfədə Almatı vilayətinin Jambıl rayonundakı Ulken kəndinin fəalları Qazaxıstanda AES-in tikintinə etiraz ediblər.