Siyasət

31 Avqust

SOCAR-ın prezidenti ADNOC şirkətinin icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) aşağı karbon həlləri və beynəlxalq inkişaf üzrə icraçı direktoru Musabbeh Al Kaabi ilə görüşüb.

SOCAR-dan Fins.az-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib, ölkəmizdə enerji sektorunda həyata keçirilən layihələrdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şirkətlərinin iştirakının əhəmiyyəti vurğulanıb. Bu xüsusda cari ilin avqustunda SOCAR, “TotalEnergies” və ADNOC şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağında 30 faizlik iştirak payının satışına dair imzalanan Sazişin Azərbaycan və BƏƏ arasında strateji əlaqələrin daha da gücləndirilməsinə, “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsinə və ölkəmizin hasilat potensialının artırılmasına dəyərli töhfə verəcəyi qeyd edilib.

Görüşdə, həmçinin “Abşeron” layihəsinin cari vəziyyəti, onun növbəti fazası üzrə irəliləyişlər, aşağı karbon həlləri və bərpaolunan enerji layihələri barədə məsələlər müzakirə olunub. Bu xüsusda ADNOC-un Azərbaycanda ümumi gücü 10 GVt olan bərpa olunan enerji layihəsini icra edən və BƏƏ-nin təmiz enerji sahəsində ən böyük şirkəti olan “Masdar”a investisiyası ilə qlobal miqyasda bərpaolunan enerjinin inkişafına təkan verdiyi qeyd edilib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağından ilk qaz cari ilin iyul ayının əvvəlində hasil edilib.