Naxçıvan Muxtar Respublikasının ən böyük rayonu olan Şərurda son vaxtlar görülən işlər nəticəsində öz simasını dəyişmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirlir. Şərur şəhəri indi bir tikinti meydançasını xatırladır.
Fins.az xəbər verir ki, ötən il şəhərin Heydər Əliyev prospektində zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan 40 mənzilli yaşayış binasının təməli qoyulub. Hazırda burada tamamlama işləri aparılır. Rayon mərkəzində daha bir yeni yaşayış binasının tikintisi üçün hazırlıq işləri görülür. Şəhərdə yeni avtovağzal binasının tikintisi yekunlaşdırılıb.
Şərur şəhərində son dövrlərdə diqqət mərkəzində olan tikinti obyektlərindən biri də Şərur Sənaye Məhəlləsi üçün yaradılmış kompleksdir. Ötən dövrdə burada 24 istehsal sexi, 6 inzibati və 5 texniki otaqdan ibarət bina və 3 istehsal korpusu inşa olunub. Sənaye məhəlləsinin idarəedici təşkilatına aid otaqların və kiçik ölçülü istehsal və xidmət bloklarının yerləşdiyi inzibati bina 895 kvadratmetr ərazini əhatə edir. İstehsal bloklarının ümumi sahəsi isə 1300 kvadratmetrdir.
12 blokdan ibarət birinci istehsal korpusunda ayaqqabı, Avropa qapıları, bərk və yumşaq mebel olmaqla, 2 mebel müəssisəsi fəaliyyət göstərir. Hər biri ayrı-ayrı sahibkara məxsus bu müəssisələrdə Türkiyə istehsalı olan avadanlıqlardan istifadə edilir. Korpusun digər 6 blokunda isə rayonun mövcud resurslarından istifadə olunmaqla müvafiq sahələr üzrə sahibkarların cəlb edilməsi üçün araşdırmalar aparılır. 2 hissədən ibarət ikinci korpusda məktəbli ləvazimatları, kağız kisə və karton tara müəssisələri fəaliyyət göstərəcəkdir. Hazırda məhəllənin bitki yağları istehsal sexində quraşdırma işləri davam edir.
©Xalq qəzeti