Siyasət

14 Avqust

Azərbaycanda sənaye istehsalı 40 mlrd. manata yaxınlaşıb

2023-cü ilin yanvar-iyul aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 1,6 faiz azalaraq 39,8 milyard manat təşkil edib.

Bu barədə Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu dövrdə neft-qaz sektorunda məhsul istehsalı 2,4 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6,5 faiz artıb. Sənaye məhsulunun 69,1 faizi mədənçıxarma, 25,7 faizi emal, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 85,4 faiz olub. Ümumi istehsalın 91,7 faizi sənaye məhsullarının istehsalı, 8,3 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.