Siyasət

03 Avqust

Bu ilin birinci yarısında AÇG üzrə əsaslı məsrəflərə 746 milyon dollar xərclənilib

Cari ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə fəaliyyətlərə təqribən 232 milyon dollar əməliyyat məsrəfləri və 746 milyon dollar əsaslı məsrəflər xərclənib.

Fins.az xəbər verir ki, bu barədə BP-nin 2023-cü ilin birinci yarısının yekun hesabatında qeyd edilib.

İlin ilk altı ayı ərzində “Azəri Mərkəzi Şərqi” (ACE) platformasının dayaq bloku tikildiyi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan dənizə yola salınıb və AÇG yatağı sahəsində suyun 137 metr dərinliyində öz daimi yerinə quraşdırılıb. Bu qurğu martın 16-da dənizə yola salınanadək istismar sınaqları vasitəsilə tam yoxlanılıb.

ACE platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti-quraşdırma sahəsində davam edib.

Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev üst modulların inşa edildiyi sahəyə baş çəkərək tikintisi artıq başa çatmış qurğu dənizə öz daimi yerinə yola salınmazdan əvvəl onun hazırlıq vəziyyəti ilə tanış olub.

Üst modulların quruda aparılması planlaşdırılan əsas istismar sınaqları ilin birinci yarısında uğurla başa çatıb. Bu işlərə qazma qurğusunun quruda işə salınması və sınaq əməliyyat işləri aparılması müddətinin uğurla bitməsi, inteqrasiya olunmuş qurğu sisteminin bütövlükdə əminlik sınaqları və sistemi dayandırarkən təzyiqin aşağı salınması əməliyyatının təhlükəsizlik sınağı daxil idi.

Belə təhlükəsizlik sınağı ilk dəfə idi ki, quruda, həm də azot qazından istifadə etməklə icra olunurdu. Əvvəllər belə sınaqlar yalnız dənizdə platforma işə salınarkən sistemə karbohidrogen vurmaqla keçirilirdi ki, ACE-də daha buna ehtiyac olmayacaq.

Bütün bu işlər bitdikdən sonra üst modullar təhlükəsiz şəkildə lazımi hündürlüyə qaldırıldı və yükləmə çərçivəsi qurğusunun üzərinə endirildi ki, oradan da daşıma barjasının üstünə sürüşdürülsün.

Mayın 30-da STB-1 daşıma barjası Bibiheybət tikinti-quraşdırma sahəsinə gətirildi və üst modulların barjaya yüklənməsi əməliyyatı üçün hazırlıqlar başlandı.

İyulun 2-də üst modullar bütövlükdə STB-1 barjasının üzərinə yükləndi və hazırda bu qurğu dənizdə dayaq blokunun üzərinə quraşdırılmaq üçün avqustun əvvəlində AÇG yatağı sahəsinə yola salınmağa hazır vəziyyətdədir.