Siyasət

27 İyul

Ötən ay Azərbaycan qeyri-neft məhsulu ixracından 308 mln. dollar gəlir əldə edib

Azərbaycanda 2023-cü ilin iyun ayında qeyri-neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8% artaraq 307,6 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Fins.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Qeyd edək ki, 2023-cü ilin iyun ayı ərzində yeyinti məhsulları üzrə ixrac 4,9% artaraq 125,5 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 20,8% artaraq 182,1 milyon ABŞ dollarına bərabər olub.

2023-cü ilin iyun ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (148,3 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (47,9 milyon ABŞ dolları) ikinci və Gürcüstan (19,1 milyon ABŞ dolları) üçüncü olub.

Xatırladaq ki, 2023-cü ilin iyun ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında albalı və gilas (40,1 milyon ABŞ dolları) birinci, pomidor (tomat) (29,3 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (18,3 milyon ABŞ dolları) üçüncü olub.