Siyasət

30 May

2030-cu ilə qədər bərpa olunan enerji üzrə qoyuluş gücünün payı 30 %-ə çatdırılması əsas hədəf kimi müəyyən edilib

Resurslardan səmərəli istifadə və dairəvi iqtisadiyyat siyasəti vasitəsilə təkrar emal təcrübələrini gücləndirməklə təbii ehtiyatların qorunması, davamlı istifadəsinə nail olunmalıdır.

Fins.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Yaşıl enerji və ətraf mühit" bizneslər üçün inkişaf perspektivləri mövzusunda ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, təkrar emal biznesini qurmaq, innovativ texnologiyaları tətbiq edərək "yaşıl" istehsalla məşğul olmaq istəyənlər üçün Balaxanı Sənaye Parkında əlverişli şərait yaradılıb:

"Hazırda Sənaye Parkında 25 rezident qeydiyyatdan keçib və burada tullantılardan xammal kimi istifadə edilərək hazırlanan məhsullar bir sıra ölkələrə ixrac olunur. Təkrar emal sahəsində müəssisələrin artırılması və bu sahənin daha da inkişafı ilə təbii sərvətlərin israfının və ekoloji çirklənmənin qarşısını almalıyıq, eləcə də əlavə xammal bazası yaratmalıyıq".

Nazir vurğulayıb ki, 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücünün payı 30 %-ə çatdırılması əsas hədəf kimi müəyyən edilib və bu hədəf özəl sektor və investorlar üçün uzunmüddətli baxışı təmin edir və yeni layihələrin inkişafına təkan verir:

"Bu hədəfə çatmaq üçün bərpa olunan enerji mənbələrindən istifadənin artırılması, daha səmərəli enerji texnologiyalarının tətbiqi kimi iqlim dəyişmələrinin təsirlərinin azaldılması üzrə tədbirlər daha geniş icra olunmalıdır. Xüsusilə karbon tutumlu sektorlarda emissiyaların azaldılması tədbirləri və "yaşıl" enerji layihələri prioritetləşdirilməlidir. Ölkədə bərpa olunan enerji mənbələrindən istifadə potensialı əhəmiyyətli dərəcədə böyükdür. Azərbaycan günəşli və küləkli günlərin sayına görə bərpa olunan enerji mənbələrinin potensialı baxımından əhəmiyyətli mövqeyə malikdir".

Fuad Mədətov
Fins.az