Siyasət

13 Aprel

Qlobal elektrik enerjisi istehsalında küləyin və günəşin payı rekord səviyyəyə çatdı

Qlobal elektrik istehsalında külək və günəş enerjisinin payı ötən il 12%-lə rekord səviyyəyə çatıb.

Fins.az xəbər verir ki, bu barədə enerji analitik mərkəzi "Ember"in 78 ölkənin məlumatlarını özündə əks etdirən "Global Electricity Review" hesabatında deyilir.

Məlumata görə, külək və günəşdən elektrik enerjisi istehsalının sürətləndirilmiş artımı ilə bu il hasilatın və qalıq yanacaqlardan emissiyaların azalma dövrünün başlayacağı proqnozlaşdırılır.

Hesabata əsasən, ötən il qlobal elektrik tələbi 2021-ci illə müqayisədə 2,5% artıb. Qlobal elektrik enerjisinə tələb artımının 80%-ni külək və günəş enerjisi təşkil edib.

Günəş enerjisinin dünya elektrik enerjisi istehsalında payı 3,7%-dən 4,5%-ə yüksəlib. Bununla da günəş enerjisi artıq 18-ci ildir ki, ən sürətlə böyüyən elektrik mənbəyi olub.

Eyni zamanda, qlobal elektrik enerjisi istehsalında külək enerjisinin payı 7,6%-ə yüksəlib. Bu nisbət 2021-ci ildə 6,6% olub. Hesabat dövründə 60-dan çox ölkənin elektrik enerjisi istehsalında küləyin və günəşin payı 10%-i ötüb.