Siyasət

07 Aprel

SİF: Milli Planın hazırlanması istiqamətlər üzrə əməkdaşlığa qərar verilib

Sahibkarlığın İnkişafı Fondu və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi “yaşıl” və bərpa olunan enerji layihələrinin dəstəklənməsi istiqamətində müzakirə aparıb, bu sahədə əməkdaşlığa qərar verilib.

Bu barədə Fins.az-a İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondundan məlumat verilib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu (SİF) və Energetika Nazirlliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA) arasında əməkdaşlığa dair görüş keçirilib.

Görüşdə “yaşıl” enerji layihələrinin maliyyələşdirilməsinin SİF-in güzəştli kredit mexanizmi üzrə 2023-cü il üçün müəyyənləşdirilən prioritet istiqamətlərdən biri olduğu vurğulanıb, bərpa olunan enerji mənbələrindən səmərəli istifadənin dəstəklənməsi və bu sahədə fəaliyyət göstərən sahibkarların maliyyə əlçatanlığının artırılmasının əhəmiyyəti qeyd edilib.

Tədbirdə “yaşıl” və bərpa olunan enerji layihələrinin dəstəklənməsi istiqamətində müzakirə aparılıb.

Görüş çərçivəsində SİF-in güzəştli kreditləri çərçivəsində, bərpa olunan enerji mənbələrindən istifadəyə yönəlmiş layihələrin maliyyələşdirilməsi, investisiya cəlbediciliyinin artırılması, elektromobillərdən istifadənin genişləndirilməsi və elektromobillik üzrə Milli Planın hazırlanması kimi istiqamətlər üzrə əməkdaşlığa qərar verilib.

SİF və AREA arasında bu sahədə əməkdaşlığın məqsədi bərpa olunan enerji mənbələrindən səmərəli istifadənin dəstəklənməsi ilə “yaşıl” iqtisadiyyata keçidi təşviq etməkdir.