Siyasət

04 Aprel

Zəngilan rayonunun Ağalı kənd orta məktəbinin şagirdləri maliyyə savadlılığı tədbirlərinə cəlb olunub - FOTO

Hər il təşkil olunan “Qlobal Pul Həftəsi”nin 2023-cü il üzrə nəzərdə tutulan tədbirləri (GMW2023) çərçivəsində Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbinin 54 şagirdi maliyyə savadlılığı tədbirlərinə cəlb olunub və məktəblilərin Azərbaycan Respublikasının Mərkəzi Bankının Virtual Təhsil Platformasında yerləşdirilmiş “Uşaqlar və Pullar” kursunda iştirakı təmin edilib.

Fins.az xəbər verir ki, şagirdlər virtual kurs vasitəsilə pulun yaranma tarixi, Azərbaycan Respublikasının milli pul nişanları haqqında ətraflı məlumat əldə etmiş, habelə pulların idarə edilməsi, effektiv xərclənməsi, qorunması, sığorta, rəqəmsal ödənişlər və maliyyə savadlılığının digər komponentlərinə dair bir çox suallara cavab tapıblar.

Martın 28-də şagirdlərin qeyd edilən kurs üzrə əldə etdikləri biliklərin qiymətləndirilməsi və onlara maliyyə savadlılığına dair əlavə resursların təqdim edilməsi məqsədilə Ağalı kənd tam orta məktəbinin pedaqoji heyəti və şagirdləri ilə əyani görüş keçirilmiş, şagirdlərin sözügedən kursla bağlı sualları cavablandırılmış və onlara Mərkəzi Bankın digər intellektual resursları barədə ətraflı məlumat verilib.

Mərkəzi Bank tərəfindən regionlarda maliyyə savadlılığının artırılması məqsədilə bütün əhali qruplarının, o cümlədən ali, orta və peşə ixtisası üzrə təhsil alan tələbələrin və orta məktəb şagirdlərinin seminar və kurslara cəlb edilməsi istiqamətində fəaliyyət davam edir.