Siyasət

03 Mart

"Biz Qarabağın bərpasında iştirak etməkdə maraqlıyıq" - VİDEO - FOTO

İslam İnkişaf Bankı (İİB) Qarabağın bərpasında iştirak etməkdə maraqlıdır.

Fins.Az xəbər verir ki, bu barədə Bakıda səfərdə olan İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl Casir cümə günü Trend-ə özəl müsahibəsində deyib.

"Hakimiyyət bizə Qarabağa, Şuşa şəhərinə səfər etmək imkanı yaratdı. Bu şəhər Azərbaycanın çox mühüm mədəniyyət mərkəzidir. Biz orada aparılan yenidənqurma işləri ilə tanış olduq və bu prosesdə iştirakla bağlı səmimi istəyimizi ifadə etdik. Azərbaycan nümayəndələri prioritet kəsb edən layihələrin siyahısını bizimlə paylaşacaqlarını vəd etdilər. Səbirsizliklə ekspertlərimizin bir araya gələrək hansı layihələri maliyyələşdirə biləcəyimizi müəyyənləşdirəcəyini gözləyirik. Biz hazırıq, tam qətiyyətliyik və gördüklərimizdən ruhlanmışıq", - o deyib.

Əl Casir Azərbaycanda olmaqdan və İİB-in üzv ölkələrindən birinin böyük iqtisadi inkişafına şahidlik etməkdən çox məmnun olduğunu bildirib.

"Bizim 57 üzv ölkəmiz var və Azərbaycan onlardan biridir. Bir ölkədə hansı nailiyyətlər olursa-olsun, bizim üçün qürur mənbəyidir. İkincisi, biz Azərbaycana səfər edərək hakimiyyətlə hansı mövzuda köməklik göstərə biləcəyimizi müzakirə etmək istəyirdik. Ölkədə böyük inkişaf, o cümlədən, istər mədəniyyət planında, istərsə də sözün bütün mənalarında yenidənqurma müşahidə olunur. Bir sözlə, biz bu işlərdə iştirak etmək istəyirik", - o deyib.

Əl Casir bankın keçmişdə də Azərbaycanda bir çox layihəni reallaşdırdığını qeyd edib.

"Bildiyiniz kimi, İslam İnkişaf Bankı Azərbaycanda təqribən 1,2 milyard dollar dəyərində layihələr həyata keçirib və biz bununla çox qürur duyuruq. Mən dünən tullantılardan enerji istehsal edən zavoda səfər etdim, zavod ətraf mühitin mühafizəsi, enerji istehsalı və çox da yaxşı vəziyyətdə olmayan regionda yenidənqurma nöqteyi-nəzərindən çox mühüm əhəmiyyət kəsb edir. Biz Azərbaycan xalqının həyatını həqiqətən dəyişən layihələrdə iştirak etmək istərdik. Prezident İlham Əliyevlə görüşümüz son dərəcə gözəl keçdi, Prezident bizə çox vaxt ayırdı, nələrin edildiyini və nələrin planlaşdırıldığını ən xırda təfərrüatına kimi izah etdi. Məşğul olduğu digər məsələlərə baxmayaraq, iqtisadi məsələlərin həllində bu dərəcədə iştirak edən rəhbərlik bizi ümidləndirir və layihələrin axtarışı üçün bizə qətiyyət verir", - İİB qrupunun sədri deyib.

Onun sözlərinə görə, İİB Müdirlər Şurasında Azərbaycanı təmsil edən iqtisadiyyat naziri Mikayıl Cabbarovla, maliyyə naziri Samir Şərifovla, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövşən Nəcəfovla görüşlər keçirilib.

"Biz nəyə ehtiyac olduğunu öyrənmək üçün görüşlər keçirdik və ümumi maraqları müəyyən etmək barədə razılığa gəldik. Azərbaycan və İİB nümayəndələri ölkə üçün mühüm layihələrin siyahısını gözdən keçirəcək və maliyyələşdirmə prosesində iştirak edə biləcəyimiz uzlaşma nöqtələrini müəyyən edəcəklər. Azərbaycana səfər bizə böyük ümidlər vəd edir, axı, siz belə qısa zamanda bu qədər çox iş görmüsünüz və bunu çox keyfiyyətli etmisiniz. Bu, istənilən maliyyə təşkilatı üçün çox cəlbedicidir", - Əl Casir deyib.

Cari layihələr və gələcək qarşılıqlı fəaliyyətin perspektivləri

Əl Casir İİB-in Azərbaycanda təqribən 1,2 milyard dollar dəyərində layihələr reallaşdırdığını vurğulayıb.

"Onların əksəriyyəti, 70 layihə artıq reallaşdırılıb. Mən onlardan birini tullantılardan enerji istehsalı üzrə layihəni qeyd etdim. Elektrik enerjisi üzrə digər layihələr də var. Kreditləşdirməmizin 40 faizi energetikanın payına, 30 faizi nəqliyyatın və təqribən 20 faizi kənd təsərrüfatının payına düşür. Bu layihələr iqtisadiyyat üçün yüksək əlavə dəyərə malik sahələrdə reallaşdırılmaqdadır. Biz, həmçinin, Azərbaycandan enerji resurslarının nəqli, o cümlədən, Türkiyə ərazisindən Avropaya elektrik enerjsinin nəqli üzrə layihələrə də maraq göstəririk. Bu, möhtəşəm plandır, xüsusən, günümüzdə qazıntı yanacağına investisiya qoyulmamasının tələb olunduğu, sonra isə daha çox istehsalın istənildiyi enerji bazarlarındakı xaos şəraitində... Bu planın dəstəyə layiq olduğunu hesab edirik", - o deyib.

Qlobal layihə və təşəbbüslər

Əl Casir qlobal miqyasda İİB-in 56 üzv ölkəsinin olduğunu və onların əksəriyyətinin çox kasıb ölkələr olduğunu: 21-nin daha az inkişaf etdiyini, 27-nin isə Afrikada yerləşdiyini qeyd edib.

"Faydalı olmaq üçün dünya iqtisadiyyatında baş verən hadisələrdən xəbərdar olmalıyıq. Məsələn, COVID-19 yayılanda biz üzv ölkələrin vaksin və tibbi təyinatlı predmetləri əldə etmələri üçün sürətli ödəniş proqramının yaradılmasına başladıq. Təqribən 4,5 milyard dollar dəyərindəki bu proqram bir çox ölkəyə, o cümlədən, Azərbaycana kömək etdi. Daha sonra Ukrayna böhranı baş verdi və bir çox ölkədə ərzaq qiymətləri əhəmiyyətli dərəcədə artdı. Biz bir araya gələrək ölkələrin ilk növbədə taxıl ehtiyatlarını bərpa etmələrinə kömək etmək üçün 10,5 milyard dollar dəyərində proqramı işə saldıq. Bu məbləğin üçdə-ikisi kənd təsərrüfatının təşviqi üçün nəzərdə tutulmuşdu ki, insanlar özlərinə arxayın ola bilsinlər və daha çox ərzaq istehsal edərək sənayeləşmənin baş verdiyi şəhərlərə göndərsinlər. İnkişafın mahiyyəti bundadır", - o deyib.

İİB qrupunun sədri bütün dünyanın iqlim dəyişikliyinə görə də narahat olduğunu qeyd edib.

"Beləliklə, biz digər inkişaf institutları ilə birlikdə iqlim dəyişikliyinə qarşı mübarizə ilə əlaqədar layihələrin maliyyələşdirilməsi, habelə, bu prosesin nəticələrinin azaldılması və ona adaptasiya üçün 24 milyard dollar dəyərində paket topladıq. 24 milyard dolların 13 milyard dolları təkcə İİB tərəfindən ayrılıb. Biz üzv ölkələrin tələbatlarını müəyyən etmək və ehtiyac duyduqlarında yanlarında olmaq üçün onlarla çox sıx əməkdaşlıq edirik. Azərbaycan təşkilatın çox vacib üzvüdür və biz bu üzvlüklə, Azərbaycandakı layihələrdə iştirakımızla qürur duyuruq, həmçinin, daha yüksək səviyyədə maliyyələşdirmə və iştirak üçün yeni layihələr axtarışındayıq", - o sonda deyib.