Siyasət

22 Fevral

Mədət Quliyev “İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfransı çərçivəsində bir sıra görüşlər keçirib - FOTO

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin də iştirak etdiyi Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində  keçirilən “İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfransı davam edir.

Fins.Az xəbər verir ki, sərgi çərçivəsində müdafiə sənayesi naziri Mədət Quliyev bu gün Qazaxıstan Respublikasının sənaye və infrastrukturun inkişafı nazirinin müavini Azamat Beysbekov ilə görüşüb.

Görüş zamanı Azərbaycan və Qazaxıstan Respublikası arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsi aparılıb.

Nazir Mədət Quliyev daha sonra BƏƏ-nin "Calidus" LLC şirkətinin rəhbəri Farij Mohammad ilə görüşüb. Görüşdə  qarşılıqlı hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub, digər maraq doğuran məsələlər haqda danışılıb.

Qeyd edək ki, “İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfransı öz işini fevralın 24-dək davam etdirəcək.