Siyasət

22 Fevral

Heydər Əliyev Azərbaycanın neft sənayesini daim diqqətdə saxlayıb

Ulu Öndər Heydər Əliyev Azərbaycanın neft sənayesini həm sovet dövründə, həm də müstəqillik dövründə daim diqqətdə saxlayıb.

Fins.Az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə “Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqil energetika siyasətinin müəllifidir” adlı tədbirdə çıxışı zamanı qeyd edib.

Onun sözlərinə görə, Heydər Əliyevin Azərbaycana rəhbərliyini iki hissəyə bölmək olar: “Birinci hissə sovet dövründə, ikinci hissəsi isə Azərbaycan müstəqillik qazanandan sonrakı dövrə düşür. Sovet dövründə Azərbaycanın neft sənayesinin vəziyyəti bir o qədər də yaxşı deyildi. Xəzər dənizinin dərinliyi 40 metrə qədər olan sahələrdə yataqlar kəşf edilmişdi. Əvvəllər texnika da yox idi, texnikaya görə yataqlarda geniş işləmək mümkün deyildi”.

X. Yusifzadə vurğulayıb ki, Heydər Əliyev 70-ci illərdə iclas təşkil etdi, vəziyyətlə tanış oldu və qarşıda duran məsələləri həll etməyə başladı: “Qısa zaman ərzində dünyada məşhur olan üzən qazma qurğuları və digər istiqamətlərdə işləməyə imkan verən qurğular əldə edilib. Bu qurğuların sayı 11-ə çatdırılıb. 75 növdə 400-dən çox Azərbaycan üçün gəmilər alınıb. Birdən-birə, bu, çox böyük inkişaf idi. Bu nailiyyətlərdən sonra yataqlar kəşf edilməyə başlanıldı. Dünyada məşhur olan “Azəri-Çiraq-Günəşli” (AÇG) neft-qaz yataqlarının Günəşli hissəsi 1979-cu ildə, Çıraq hissəsi 1985-ci ildə, Azəri hissəsi 1987-ci ildə kəşf edilib. Bu yataqlarla bərabər bir sıra xırda platformalar aşkar edilib”.

“Heydər Əliyev sanki bilirdi ki, Azərbaycan müstəqil olacaq, ona görə də sovet dövründə Azərbaycanın neft sənayesini daim diqqətdə saxlayırdı. Sovet dövründə neft sənayemizdə müəyyən işlər görülmüşdü və işləmək üçün şərait yaradılmışdı”, - deyə o qeyd edib.

X. Yusifzadə vurğulayıb ki, “Azəri-Çiraq-Günəşli” sovet dövründə kəşf edilmişdi, lakin tam dərinliklərində iş aparılmırdı: “Müstəqil olandan sonra istəyirdik ki, yataqların birgə işlənməsi ilə bağlı xariciləri dəvət edək. Bir çoxları hesab edirdi ki, bizim sovet dövründən neft sənayesində təcrübəmiz var, biz niyə xariciləri dəvət etməliyik?!. Amma xariciləri dəvət etmək bir o qədər qəbahət iş deyildi. Çünki bir çox neft istehsal edən ölkələri beynəlxalq şirkətləri ölkələrinə dəvət ediblər. Heydər Əliyevlə məsləhətləşəndən sonra belə qərara gəlindi ki, xarici şirkətləri dəvət edək və onlarla birgə işləyərək. Tender elan edildi, əsas ABŞ şirkətləri, İngiltərə, Türkiyə şirkətləri iştitak etdilər. Danışıqlar Bakıda, İstanbulda, ABŞ-ın Hyuston şəhərində keçirilirdi. Danışıqlar da çox asan getmirdi, bizim xarici şirkətlərlə danışıq aparmaqla bağlı geniş təcrübəmiz yox idi.

İlham Əliyev həmin dövürdə Dövlət Neft Şirkətində çalışırdı. Onun xarici dilləri bilməsi, xaricdə univeristeti bitirməsi bizim işin gedişinə çox kömək edirdi. Bir dəfə Vaşinqtonda görüş zamanı qarşı tərəf bir məsələni qaldırdı. Qarşı tərəf qeyd etdi ki, Azərbaycan Rusiya ilə Xəzər dənizin statusu ilə bağlı məsələni həll etməlidir. 1994-cü il idi, lakin biz Rusiya ilə Xəzər dənizinin statusu ilə bağlı məsələni 2002-ci ildə həll etdik. Həmin vaxt mən Heydər Əliyevə zəng vurdum və digər tərəfin bizdən istəklərini məruzə etdim. Heydər Əliyev İlham Əliyevi Vaşinqtona göndərdi, bu məsələni həll etdi. Biz ümumi razılığa gəldik. Beləliklə 20 sentyabr 1994-cı ildə “Əsrin müqaviləs”ini imzalanmasına nail olduq".