Siyasət

21 Fevral

Komitə sədri: Enerji sahəsində 4 ölkə ilə müqavilə imzalanıb

Azərbaycan xüsusilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu gün biz neftimizi, qazımızı Avropaya çatdırırıq. Dünyanın belə bir məqamında – bir tərəfində müharibənin getdiyi, bir tərəfdə aclıq, səfalət, hətta ərzaq qıtlığının olduğu bir dövrdə bütün məhsullar enerji hesabına başa gəlir. Bu enerjinin Avropaya çatıdırılmasında Azərbaycan Prezident İlham Əliyevinin dünya qarşısında müstəsna xidmətləri var. TANAP və TAP vasitəsilə bizim enerji resurslarımız Avropa ölkələrinə çatdırılır.

Fins.Az AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin fevralın 21-də keçirilən iclasında komitə sədri Sadiq Qurbanov deyib.

O bildirib ki, Avropa ölkəmizlə enerji mübadiləsində maraqlıdır. Artıq yeni enerji növlərində də potensialımızı elan etdik, 4 ölkə ilə müqavilə imzalanıb. Yeni Azərbaycan enerji növü ilə parlayacaq, dünyanın enerji təhlükəsizliyinə daha bir töhfə verəcək.

İclasın gündəliyinə daxil edilən “Elektroenergetika haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən komitə sədri bildirib ki, bu, ölkə daxilində bu sahədə aparılan işlərin hüquqi tənzimlənməsi ilə bağlı mühüm sənəddir.