Siyasət

14 Fevral

Azərbaycanda elektrik enerjisi istehsalı 7%-dən çox artıb

2023-cü ilin yanvar ayı üzrə operativ məlumatlara əsasən, ötən ay ərzində respublika üzrə elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 195,9 milyon kVt/s, yəni 7,7 % artaraq 2 milyard 755,9 milyon kVt/s olub.

Bu barədə Fins.Az-a Azərbaycan Energetika Nazirliyindən məlumat verilib.

Hesabat dövründə ötən ilin yanvar ayına nisbətən elektrik enerjisinin istehsalı İstilik Elektrik Stansiyalarında (İES) 210,1 milyon kVt/s artaraq 2 milyard 664,7 milyon kVt/s, Su Elektrik Stansiyalarında (SES) 13,5 milyon kVt/s azalaraq 67,2 milyon kVt/s təşkil edib.

Bu dövrdə digər mənbələr (Bərk Məişət Tullantılarının Yandırılması Zavodu, külək və günəş elektrik stansiyaları) üzrə elektrik enerjisinin istehsalı 24,06 milyon kVt/s olub. Ay ərzində külək elektrik stansiyalarında 0,78 milyon kVt/s, günəş elektrik stansiyalarında 3,93 milyon kVt/s, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 19,35 milyon kVt/s elektrik enerjisi istehsal edilib.

2023-cü ilin yanvar ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2 milyard 523,5 milyon kVt/s (İES-lərdə 2 milyard 460 milyon kVt/s, SES-lərdə 63,5 milyon kVt/s), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 28,85 milyon kVt/s (İES-lərdə 21,98 milyon kVt/s, SES-lərdə 3,24 milyon kVt/s, GES-də 3,63 milyon kVt/s), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 4 min kVt/s, müstəqil elektrik stansiyaları üzrə 203,5 milyon kVt/s təşkil edib.

Ötən ay ərzində elektrik enerjisinin idxalı 10,8 milyon kVt/s, ixracı isə 512,6 milyon kVt/s olub.