Siyasət

14 Fevral

Azərbaycanda 300 min unsiyaya yaxın ehtiyatı olan qızıl yatağında hasilat işlərinə başlandı

“AzerGold” QSC Göygöl rayonunun inzibati ərazisində yerləşən “Tülallar” qızıl yatağında hasilat işlərinə başlayıb.

Fins.Az “AzerGold”a istinadən xəbər verir ki, qızıl yatağında süxurların ilk dəfə partladılması prosesi Səhmdar Cəmiyyət üçün ən əlamətdar təqvimlərdən birində, fevralın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Səhmdar Cəmiyyətin təsis olunmasının 8-ci ildönümündə baş tutub.

Qeyd edək ki, “Tülallar” qızıl yatağı SSRİ dövründə kəşf edilmiş, lakin geniş tədqiq edilməmiş, 2017-ci ildən QSC-nin geoloqları tərəfindən geniş tədqiq edilərək, 2022-ci ildə beynəlxalq nüfuzlu məsləhətçi “Micon International Co Limited” şirkəti tərəfindən ilkin mərhələdə yerin təkində 298 min unsiya qızıl, çıxarılabilən həcm olaraq isə 85 min unsiya qızıl ehtiyatı hesablanıb təsdiqlənərək, dövlət balansına alınıb.

Perspektivli minerallaşma sahələrinin 2023-cü il ərzində maqnit və elektrik geofiziki tədqiqat üsulları ilə öyrənilməsi həyata keçiriləcəkdir. Bununla “Tülallar” yatağının çıxarılabilən ehtiyatlarının və istismar müddətinin ən azı 3 ildən 4 il 2 aya qədər artırılması əsas gözləntilər sırasındadır.

Xatırladaq ki, “Tülallar” hasilat sahələrinin genişləndirilməsi, respublikanın malik olduğu zəngin mineral-xammal potensialının dayanıqlı inkişafa çevrilməsi, ölkənin sosial-iqtisadi inkişafına töhfələrin verilməsini qarşıya məqsəd qoyan “AzerGold” QSC-nin istismara verdiyi sayca 4-cü qızıl yatağıdır.