Siyasət

13 Fevral

Texnoloji sənayenin xüsusi çəkisinin 15%-ə qədər artırılması hədəflənib

İnnovasiyaların özəl və dövlət sektorunda tətbiqinin stimullaşdırılması, startaplar və investorlar üçün məqsədli fiskal imtiyazlar sisteminin hazırlanması, innovasiya klasterinin yaradılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

"Fins.az" xəbər verir ki, bunu Azərbaycan-İsrail İnnovasiya Forumunda çıxışı zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov bildirib.

"Nəticə olaraq, 2026-cı ilə qədər yüksək və orta-yüksək texnoloji sənayenin ümumi əlavə dəyərdə xüsusi çəkisinin 15%-ə qədər artırılması hədəflənir.
Azərbaycanda da mikro, kiçik və orta sahibkarlıq subyektləri fəaliyyət göstərən bizneslərin mütləq əksəriyyətini təşkil edir və ölkənin dayanıqlı və innovativ inkişafı KOB-ların inkişaf səviyyəsi ilə sıx bağlıdır. Biznes proseslərinin müasir texnologiyalar əsasında qurulması biliklərin artırılmasını, potensialın gücləndirilməsini, qabaqcıl təcrübələrin mənimsənilməsini və müvafiq sahəyə investisiyaların yatırılmasını tələb edir. 2021-ci ildə KOB subyektləri tərəfindən elmi-tədqiqat xərcləri 21,4 milyon manat və ya təqribən 13 milyon dollar təşkil edib. Əvvəlki dövr ilə müqayisədə təqribən 36% artım olsa da, qarşıya qoyulmuş hədəflərin əldə edilməsində bu göstəricinin həm dövlət, həm də özəl sektor vasitəsilə yüksəldilməsinə ehtiyac vardır.
İnnovativ biznes və startap ekosisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində atılan addımların davamı olaraq, KOBİA tərəfindən “Startap” şəhadətnaməsi təqdim edilir. “Startap” şəhadətnaməsi sahibkarı 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edir. “Startap” şəhadətnaməsi həmçinin, startapa yerli və xarici investorların marağını artırır, xarici bazarlara çıxışını asanlaşdırır. Bu günədək 90-a yaxın sertifikat təqdim edilib", - deyə Orxan Məmmədov əlavə edib.