Siyasət

03 Fevral

Azərbaycan qazının Balkan ölkələrinə nəqli üçün yeni sazişlər bağlamağa ehtiyac görmürük

Azərbaycan qazının Türkiyə üzərindən Balkan ölkələrinə nəql edilməsi ilə bağlı hazırlıq işləri aparılır.

Fins.Az xəbər verir ki, bunu cümə günü Azərbaycanın energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu görüşünün və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının yekunlarına dair mətbuat konfransında deyib.

Nazir bildirib ki, tranzit məsələri öz həllini tapıb və bunun üçün əlavə yeni sazişlərin bağlanılmasına ehtiyac yoxdur:

“Azərbaycan qazının Türkiyədən Balkan ölkələrinə nəqlinə hazırlıq gedir. Biz əlavə və ya yeni müqavilələr bağlamağa ehtiyac görmürük. Qaz tədarükü ilə bağlı müqavilələrimiz əvvəllər bağlanıb. Lakin Avropada enerji böhranı zamanı biz gördük ki, bu gün əlavə Azərbaycan qazına tələbat var. Bildiyiniz kimi, bu gün Azərbaycan təbii qazının Aİ-yə satışı ilə bağlı məsələlər öz həllini tapıb.”

Onun sözlərinə görə, təbii qazı hasil edərkən, onun tədarükü ilə bağlı bütün müqavilələr və sazişlər öncədən bağlanılıb:

"Son zamanlar Avropada yaranmış enerji böhranı zamanı, biz gördük ki, bu gün Azərbaycan qazına tələbat var. Artıq bununla bağlı Azərbaycana müraciətlər oldu".

Azərbaycanın kifayət qədər təbii qaz ehtiyatlarının olduğunu deyən P.Şahbazov bildirib ki, bu gün Azərbaycan təbii qazının satışı ilə bağlı danışıqlar məsələsi öz həllini tapıb.

Qeyd edək ki, bu gün Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu görüşünün və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının yekunlarına həsr olunmuş tədbirlərdə Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

İclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar təmsil olunub.

Fuad Mədətov
Fins.Az