Siyasət

17 Yanvar

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu artmaqdadır

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu artmaqdadır.

Fins.az Energetika Nazirliyinin məlumatına əsasən xəbər verir ki, ötən il Azərbaycan Avropaya 10,3 milyard kubmetr qaz ixrac edib.

Avropa İttifaqına daxil olan dövlətlər Rusiya-Ukrayna münaqişəsi səbəbindən Rusiya qazından imtina edərək alternativ yollar axtarırlar. Avropada enerji böhranının aradan qaldırılması üçün ən optimal yol isə Azərbaycan qazının qitəyə çatdırılmasıdır.

Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropaya əlavə 5 milyard kubmetr qaz da nəql etmək mümkündür. Avropa İttifaqının sözçüsü Tim Mifhie bildirib ki, TAP Avropa üçün etibarlıdır və bu kəmərin əlavə qaz nəql etmək imkanı var. Avropaya əlavə qaz satılması həm də Azərbaycana ixracı şaxələndirmək imkanı yaradacaq.

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində vurğulayıb ki, Azərbaycan bu il Avropa İttifaqına 12 milyard kubmetr qaz tədarük edəcək. 2023-cü ildə Azərbaycan ümumilikdə 24 milyard kubmetr qaz ixrac edəcək və onun yarısı Avropanın payına düşür. İndiyədək bu göstərici illik 8,1 milyard kubmetrə bərabər idi. Azərbaycan 2027-ci ildən etibarən qaz nəqlinin həcmini daha da artıraraq, bu rəqəmi illik azı 20 milyard kubmetrə çatdıracaq.