Siyasət

19 Dekabr

“Azərişıq” və ASAN Kommunalın 2022-ci il ərzində birgə gördüyü işlər açıqlanıb

Bu gün Masallı ASAN Xidmət Mərkəzində “Azərişıq” ASC-nin ASAN Kommunalda 2022-ci il ərzində gördüyü işlər barədə mətbuat konfransı keçirilib.

Tədbirdə ASAN Xidmətlə iş departamentinin direktor müavini İnam Yusifov bildirib ki, göstərilən elektron xidmətlər bu sahədə şəffaflığın, operativliyin təmin edilməsi, xidmətlərin keyfiyyətinin yüksəldilməsi, abonentlərə rahat və müasir elektron platforma üzərindən online müraciət etmə imkanı təmin edib: "Mərkəzlərdə “Azərişıq” ASC tərəfindən göstərilən xidmətlərdən 12 xidmət tam elektronlaşaraq vətəndaşların istifadəsinə verilib. Cari ildə “Azərişıq” ASC-yə “ASAN Xidmət”, “ASAN Kommunal” və elektron qaydada enerji təchizatı şəbəkəsinə qoşulması məqsədilə 51 000-ə yaxın müraciət daxil olub. Bunlardan 44 000 əhali, 7000 qeyri-əhali müraciətidir. Cəmiyyət tərəfindən dövlət qurumları ilə təmin edilən inteqrasiyalar isə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Dövlət Vergi Xidməti, Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət komitəsi, Elektron Hökümətin İnkişafı Mərkəzi (e-gov.az, asanpay.az), ASAN Xidmət, Ədliyə nazirliyi və "Kapital Bank"dır".

"Azərişıq" ASC-nin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Vaqif Aydınoğlu qeyd edib ki, bu il ərzində 100 - dən çox kənd və 1 qəsəbənin elektrik təsərrüfatında yenidənqurma işləri aparılıb: "Görülən işlər investisiya proqramına əsasən həyata keçirilib. "Azərişıq" ASC-də Balans İdarəsi var ki, onlar da respublika üzrə elektrik sahəsində itkilərin qeydiyyatını aparır. Növbəti illərdə də itkilərin daha çox olduğu şəhər, kənd və qəsəbələrdə yenidənqurma işlərinin aparılması nəzərdə tutulub".

Qeyd edək ki, “Azərişıq” ASC innovasiyaları tətbiq etməklə vətəndaş məmnunluğunun, çevik idarəetməni formalaşdırıb. Məqsəd əldə edilən nailiyyətlərin davamlılığını təmin etmək, gələcək üçün daha səmərəli şərtləri yaratmaqdır. Qeyd olunan xidmətlərdən yararlanmaq üçün www.azerishiq.az, www.e-gov.az və ya e-service.azerishiq.az portalı vasitə ilə müraciət etmək mümkündür. Növbəti Xidmətin kartlarla olan xidmətlərdə aparılması planlaşdırılıb.