Siyasət

13 Dekabr

Bakı və Lissabon enerji təhlükəsizliyi, enerji ehtiyatlarının Avropaya ixracı və ikitərəfli əməkdaşlığın dərinləşməsi imkanlarını müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikaya işgüzar səfəri çərçivəsində Portuqaliyanın xarici işlər naziri Joao Qomes Kravinyo ilə görüşüb.

“Görüş əsnasında nazirlər Azərbaycan və Portuqaliya arasında münasibətlərin hazırkı vəziyyətini nəzərdən keçirib, ikitərəfli münasibətlərin müxtəlif aspektlərinin inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu qeyd ediblər. Görüş zamanı, o cümlədən Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunulub”, - Azərbaycan XİN-dən məlumat verilir.

Bayramov ölkələrimiz arasında ikitərəfli münasibətlər müstəvisində iqtisadi-ticarət, investisiya əlaqələrinin inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib. Həmçinin, enerji təhlükəsizliyi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb.

“Azərbaycanın enerji təhlükəsizliyi, enerji resurslarının Avropaya ixracı və alternativ enerji resurslarının inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi işlər və perspektivlər müzakirə olunub”, - məlumatda qeyd edilir.

Həmçinin, Bayramov Kravinyona bölgədə münaqişə sonrası mövcud vəziyyət, Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addımlar, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, “yaşıl enerji” layihələri barədə qarşı tərəfə məlumat verib, habelə davam edən mina təhdidləri barədə məlumat verib.

Öz növbəsində, Kravinyo Portuqaliyanın Azərbaycan ilə əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu bildirib.