Siyasət

06 Dekabr

Avropa Parlamentinin deputatı: “Azərbaycan “Latvijas gaze”nin səhmdarı ola bilər”

Azərbaycan yaxın vaxtlarda “Latvijas gaze” şirkətinin səhmdarlarından biri ola bilər. Bunu Avropa Parlamentinin deputatı Andris Ameriks (Sosialistlərin və Demokratların Mütərəqqi Alyansı) deyib.

“Azərbaycanın artıq yaxın vaxtlarda “Latvijas gaze”nin səhmdarlarından biri ola biləcəyi istisna olunmur. Bu istiqamətdə iş aparılır və yaxın gələcəkdə maraqlı xəbərlər ola bilər”, - deyə “Baltijas Balss” nəşri deputata istinadən qeyd edir.

O bildirib ki, mövcud geosiyasi şəraitdə Azərbaycan Avropa İttifaqı üçün ciddi tərəfdaş ola bilər: “Bu ölkə enerji problemlərini həll etməkdə bizə kömək edəcək”.

“Artıq Azərbaycan Bolqarıstan və Yunanıstanı təbii qazla təmin edir, İtaliyanın tələbatının 60%-i Azərbaycan qazı hesabına təmin edilir. Bu, son hədd deyil”, – deyə Ameriks vurğulayıb.

“Latvijas gaze” şirkətinin ən iri səhmdarları “Qazprom” (34%), “Marguerite Gas II.S.a.r.l.” fondu (28,97%), “Uniper Ruhrgas International GmbH” (18,26%) və “Itera Latvija”dır (16%)