Siyasət

14 Noyabr

Azərbaycanlı alimin alternativ enerji texnologiyası Türkiyədə patentləşdirilib

“Yüksək minerallı dəniz və okean suyundan yanacağın alınma texnologiyası” ilə bağlı tədqiqat işləri tamamlanıb və ilkin sənaye qurğusunda iqtisadi səmərəli nəticə əldə olunub. 
Bu barədə "Fins.az”a layihə üzrə elmi komandanın rəhbəri Mürvəd Qəribov deyib. 
Onun sözlərinə görə, texnologiyanın yaranmasında istifadə olunan üsullardan birinə Azərbaycanda, digərinə isə Türkiyədə patent alınıb. 
“Layihənin təqdimatı bu günlərdə Türkiyədə baş tutub. “Hidroqaz” adlandırılan bu texnologiya, dünyanın enerjiyə olan tələbatını təmin edə biləcək alternativ enerji mənbəyi hesab oluna bilər. Belə ki, minerallı suların emalı texnologiyasından qaz halında yanacaq əldə edilir. Əldə olunan qaz, ənənəvi təbii qazın istifadə olunduğu bütün sahələrdə, istər məişətdə istərsə də sənayedə və elektrik enerjisinin alınmasında istifadə oluna bilər”, - deyə M. Qəribov qeyd edib. 
Alim həmçinin əlavə edib ki, hazırda ilkin sənaye sınaq qurğusunun hazırlanması işləri başa çatdırılıb. 
“Texnologiyanın yanacaqla bağlı olduğunu nəzərə alaraq demək olar ki, onun istehsal sahələri daha rentabellidir. Yəni neftayırma zavodunun yaradılması kimi, onun üçün də böyük istehsal sahələri yaradılmalıdır. İşlərə indi başlanılsa, yaxın 2-3 ilə istehsal sahələrinin yaradılması mümkündür. Biz təkliflərə hazırıq və bizimlə ortaq işləmək istəyən, bu texnologiyanın məhsulundan faydalanmaq istəyənlərlə ortaq iş birliyinə hazırıq və bunun üçün bütün imkanlarımız var”, - deyə M. Qəribov əlavə edib.