Siyasət

11 Noyabr

Yunanıstan-Bolqarıstan birləşdirici boru kəmərinin sərbəst həcmləri üzrə hərraclar keçiriləcək

Azərbaycan qazını Bolqarıstana çatdıran Yunanıstan-Bolqarıstan birləşdirici boru kəməri (IGB) müstəqil ötürücü operatoru olan ICGB şirkəti dekabr ayı üçün sərbəst həcmlər üzrə iki yeni hərrac elan etmək niyyətindədir.

“Fins.az"ın ICGB-ə istinadən verdiyi xəbərə görə, qaz kəmərinin sərbəst tutumları şəffaf və əlçatan şəkildə Avropanın iki ticarət platforması olan PRISMA və RBP-də təklif olunur.

Məlumata görə, noyabrın 21-də şirkət Yunanıstan-Bolqarıstan istiqaməti üzrə sabit aylıq həcmlər üzrə hərrac elan edəcək. Ayın sonunda - noyabrın 29-da fasiləsiz əks istiqamət (Bolqarıstan-Yunanıstan) üzrə hərrac elan ediləcək.

Qeyd olunur ki, son bir ay ərzində IGB-nin ilk yeni istifadəçisi də qeydə alınıb. “Axpo Bulgaria” şirkəti (“Axpo Group”a daxildir, İsveçrə) qeydiyyat prosesinin bütün mərhələlərini uğurla keçdi və indi ICGB-nin hər iki platformada elan etdiyi bütün potensial hərraclarda iştirak etmək imkanı qazandı. ICGB şirkəri IGB boru kəmərində sərbəst tutum sifariş etməkdə maraqlı olan bütün treyderlərlə müzakirələri davam etdirir.

Xatırladaq ki, 182 kilometrlik qaz kəməri Yunanıstan və Bolqarıstanın qaz nəqli şəbəkələrini Komotini və Stara Zaqora məntəqələrində birləşdirir və Bolqarıstanın Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) birbaşa əlaqələndirir. IGB-nin ümumi gücü ildə 3 mlrd. kubmetrdir və bunun 1,57 mlrd. kubmetri 25 ilə qədər davam edən uzunmüddətli müqavilələr əsasında artıq rezervasiya edilib.

Kommersiya istismarına bu ilin 1 oktyabr tarixində başlanılan boru kəmərinin ötürmə gücünü gələcəkdə 5 mlrd. kubmetrə çatdırmaq planlaşdırılır.

Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.