Siyasət

27 Oktyabr

"Avropa İttifaqı Rusiya qazından asılılığı azaldıb" - Borrell

Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Avropa Rusiya qazından asılılığını azaldıb, qaz idxalında Rusiyanın payı 40%-dən 7%-ə düşmüş, lakin başqa təchizatçılar axtarmaq lazımdır.

"Fins.az" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna münaqişəsinə qədər Avropa qazın 40%-ni Rusiyadan idxal edirdi.

"Biz bu asılılığın 40%-dən 7%-ə qədər azalmasına nail olmuşuq", - Borrel BMT-nin Latın Amerikası və Karib hövzəsi üzrə İqtisadi Komissiyasının Buenos-Ayresdə keçirilən iclasında deyib.

"Bu, bizi başqa təchizatçılar axtarmağa, bərpa olunan enerjiyə sürətli keçməyə məcbur edir və biz Latın Amerikasında bunları (imkanları) görürük", - Borrell bildirib.

Borrell regionda bərpa olunan enerjinin güclü və uğurlu inkişafını qeyd edib.

Qərb Ukraynaya görə Rusiyaya sanksiya təzyiqlərini artırıb və bu, Avropa və ABŞ-da yanacaq və ərzaq qiymətlərinin bahalaşmasına səbəb olub. Rusiya prezidenti Vladimir Putin daha əvvəl demişdi ki, Rusiyanın ucuz enerji resursları Avropa üçün rəqabət üstünlüyüdür və hətta onlardan qismən imtina etmək artıq onun iqtisadiyyatına və sakinlərinə mənfi təsir göstərir. Onun sözlərinə görə, Avropa ittifaqının Rusiyanın enerji və digər resurslarından tamamilə imtina etməsi Avropanın sənayesizləşməsinə gətirib çıxarır.

Enerji böhranına baxmayaraq, Avropa Rusiya Federasiyasına qarşı sanksiyaların gücləndirilməsi variantlarını, o cümlədən neft və qaz qiymətlərinə tavan həddinin tətbiqini müzakirə etməkdə davam edir. Bu bəyanatlarla bağlı Putin də dəfələrlə vurğulayıb ki, Rusiya qiymətləri məhdudlaşdıran ölkələrə enerji resursları ixrac etməyəcək.