Siyasət

19 Oktyabr

Eltun Aydınoğlu:“Cənub Qaz Dəhlizi Avropanın təbii qazla təchizatının qarantı sayılır” 

Rusiya-Ukrayna münaqişəsi bütün dünyada iqtisadi balansın kökündən dəyişməsinə səbəb oldu. Rusiya təbii qazından asılı vəziyyətdə olan Avropada isə vəziyyət daha mürəkkəbdir. Hətta qarşıdan gələn qış mövsümünün Avropa ölkələrində istilik təchizatı baxımından ən çətin dövr olacağı proqnozlaşdırılır. İş o yerə gəlib çatıb ki, ayrı-ayrı Avropa ölkələri indiyə kimi enerji təchizatında prioritet hesab olunan “yaşıl enerji” hədəflərini bir kənara buraxaraq, ekoloji cəhətdən təhlükəli yanacaq növü sayılan kömürə üz tutmaqdan da çəkinmir.

İnvestisiya və risklərin idarə edilməsi üzrə 10 ildən artıq beynəlxalq təcrübəyə malik mütəxəssis Eltun Aydınoğlu Avropanın “mavi yanacaqla” təchizatındakı vəziyyəti dəyərləndirərək “köhnə qitə”nin təbii qazla təmin olunmasında Azərbaycanın rolundan danışıb. 

Avropa təbii qaz bazarındakı hazırkı durumu necə dəyərləndirmək olar? 

Avropanın təbii qaz bazarındakı hazırkı vəziyyəti qiymətləndirmək üçün keçmişə, Qərblə Şərqin bu sahədəki münasibətlərinin inkişafında yaşanmış 4 tarixi mərhələyə nəzər salmağa ehtiyac var.

Birinci mərhələ təxminən 1960-cı illəri əhatə edir. Avropada təbii qazın nəqli və məntəqələr üzrə paylanması ilkin olaraq İtaliya və Hollandiyadakı kiçik yerli şəbəkələrdən başlamışdı. Daha sonra avropalılar ABŞ-nin təcrübəsindən yararlanaraq Sibirdən uzun məsafəli qaz marşrutlarını nəzərdən keçirdilər. Bununla da, Qərb Birliyi investisiya və sənaye avadanlıqlarını Sovet İttifaqına təqdim etdi və təxminən 10 il ərzində ilk qaz kəməri fəaliyyətə başladı.

İkinci mərhələ Rusiya təbii qazının tələbatdan asılı olaraq daha böyük həcmdə nəql edildiyi 1970-ci illəri əhatə edir. Rusiyada hasil olunan təbii qaz ucuz, rəqabətədavamlı idi, eyni zamanda kömürə və neftə nəzərən ətraf mühitə daha az zərər vururdu. Həmin dövrdə Rusiya artıq Avropanın yarısını, xüsusilə də Almaniyanı təbii qazla təmin edirdi. Daşınma prosesi əsasən qaz kəmərləri vasitəsilə yerinə yetirilirdi. Belə layihələr özündə uzun müddətli qarşılıqlı öhdəlik müqavilələrini ehtiva etdiyindən, tərəfləri müəyyən dövr ərzində bir-birindən asılı vəziyyətə salır. Bu səbəbdən, təbii qazı bir növ “münasibət əmtəəsi” də adlandırmaq olar. Rus qazından asılılığın artdığını görən ABŞ 1981-ci ildə ilk dəfə qaz kəməri texnologiyasının Rusiyaya ixrac edilməsinə qarşı sanksiya tətbiq etdi. Buna baxmayaraq, layihələrin yerinə yetirilməsində bilavasitə maraqlı olan səhmdarlar fərqli şəkildə hərəkət etdilər ki, nəticə etibarı ilə həmin texnologiyalar Sovet İttifaqında hazırlanmağa başlandı.

Üçüncü mərhələ 1990-cı illəri əhatə edir. Bu dövrdə Sovet İttifaqı dağıldı, Qaz Sənayesi Nazirliyi ləğv edildi, Rusiyanın daxili aktivləri “Qazprom” adlı şirkətə, xarici aktivləri isə “Ukrgasprom” (indiki “Naftogaz”) və “Türkmənqaz”a keçdi. Eyni zamanda, müstəqillik əldə etmiş hər bir keçmiş SSRİ respublikası öz ərazisindəki qaz və neft yataqlarının sahibinə çevrildi. Bu mərhələdən sonra Avropa dövlətləri artıq neft-qaz yataqlarına malik hər bir respublika ilə ayrıca müqavilələr bağlasa da, “Qazprom” yenə də “köhnə qitə”də ən böyük təbii qaz payına malik idi.
“Qazprom” bir çox Avropa ölkəsində özünün yerli hüquqi marketinq şirkətlərini qurdu.

Dördüncü və hələlik sonuncu mərhələ isə 2020-ci illər hesab oluna bilər. COVİD-19 məhdudiyyətləri aradan qalxdıqdan və iqtisadiyyat əvvəlki normal vəziyyətinə qayıtdıqdan sonra (eyni zamanda, 2021-ci ilin ikinci yarısından Rusiyadan Avropaya qaz nəqlində məhdudiyyətlər yarandığını da  nəzərə alsaq) təbii qazın qiyməti sürətlə qalxmağa başladı. Hazırda Avropada “mavi yanacağın” qiyməti son 10 illik üzrə orta səviyyədən təxminən on dəfə yüksəkdir. Əslində, 4-cü mərhələni digər 3 mərhələnin yekun nəticəsi kimi də qəbul etmək olar. Belə ki, Rusiya-Ukrayna münaqişəsinə kimi Avropa təbii qaz ehtiyatının 40%-ni Rusiyanın resursları hesabına təmin edirdisə, indi bu rəqəm kəskin şəkildə azalmağa doğru gedir. Məsələn, Almaniya Rusiya-Ukrayna konfliktinə qədər təbii qaz tələbatının 55%-ni Rusiyanın hesabına ödəyirdisə, bu konflikt səbəbindən cəmi bir neçə ayda tələbatı 35%-dək endirib.

Lakin Avropa mövcud tələbatını qısa zamanda təmin etməlidir, buna görə də alternativ mənbələr axtarışındadır. Odur ki, Avropa ölkələri, ən azından, qarşıdan gələn qış aylarına hazırlıq məqsədilə Qətər və ABŞ-dən Mayeləşdirilmiş Təbii Qaz (LNG) almaq məcburiyyətində qaldı. Lakin uzunmüddətli müqavilələr bağlamaq mümkün olmadı. Çünki Asiya ölkələri LNG alışı ilə bağlı uzunmüddətli müqavilələri daha öncədən imzalamışdılar və ehtiyatlar məhdud idi.

Haşiyədən kənara çıxıb digər bir məqamı da qeyd etmək lazımdır ki, təbii qazın mayeləşdirilərək gəmilərlə nəql edilməsi baha başa gələn prosesdir.

Bu halda Avropa üçün alternativ yol nədir?

Uzunmüddətli tələbatı ödəməyin yeganə yolu boru kəmərləridir. Avropanın boru kəmərlərinin mənbə ölkələri Rusiya, Norveç, Böyük Britaniya, Şimali Afrika və Azərbaycandır. Rusiya qazı Avropaya Almaniya (“Şimal axını-1” təbii qaz kəməri), Polşa (“Yamal”), Ukrayna və Türkiyə vasitəsi ilə daxil olur. Azərbaycandan qaz nəqli Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, Adriatik dənizi vasitəsilə İtaliyaya qədər uzanır. Lakin bu boru kəmərləri tam ötürücülük gücü ilə işləmir. 2021-ci ilin sonuna olan məlumata görə, Rusiya boru kəmərlərinin ötürücülük gücünün 55%-i, Norveçin 81%-i, Şimali Afrikanın 51%-i, Azərbaycanın isə 62%-i istifadə olunur.

Bu məqamda Azərbaycanın Avropanın təbi qaz ehtiyacının ödənilməsindəki rolunu necə qiymətləndirirsiniz?

Azərbaycanın Avropaya qaz ixracatındakı strateji mövqeyini anlamaq üçün Avropa ölkələrinin sahib olduqları təbii qaz ehtiyatlarına nəzər salmaq kifayətdir. Belə ki, həmin ehtiyatlara görə son sıralarda Portuqaliya, Macarıstan, Bolqarıstan, Rumıniya və İspaniya dayanır. Avropa ölkələrindən Yunanıstan və İtaliya ilə yanaşı, Bolqarıstan da Azərbaycan təbii qazından yararlanır. Bildiyiniz kimi, 2020-ci ilin sonundan Avropaya Azərbaycan qazı Cənub Qaz Dəhlizi layihəsinin sonuncu qolu olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə nəql olunur. Yaxın zamanlarda ixrac həcmləri artırılacaq. Xüsusilə Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) fəaliyyətə başladıqdan sonra Bolqarıstana ildə 1 milyard kubmetr Azərbaycan qazı tədarük ediləcək. Bu isə Bolqarıstanın ümumi illik tələbatının 25-30 %-ni təşkil edir. Növbəti illərdə interkonnektorun ötürücülük gücünün 2 dəfə artırılması nəzərdə tutulur.

Digər Avropa ölkələrindəki vəziyyətə gəlincə, Böyük Britaniya, İrlandiya, İspaniya, Portuqaliya, İsveç və Danimarka Rusiya qazından daha az asılı vəziyyətdə olduqlarına görə, dəyişikliyə daha tez uyğunlaşa biləcəklər.

Fransa, Hollandiya və Belçika qismən Rusiya qazından asılı olmalarına baxmayaraq, bu ölkələrin LNG qəbul etmək üçün lazımı qədər limanları var, eyni zamanda alternativ boru kəmərlərinə çıxışları da mövcuddur. Bu isə o deməkdir ki, həmin ölkələr anbarlardakı ehtiyatı həmişə minimumda saxlayaraq digər qonşu ölkələrə kömək edə bilərlər.

Finlandiya, Latviya, Litva və Estoniyanın Rusiya qazından tarixi asılılığı olsa da, Finlandiyanın LNG qəbul etmək imkanlarını və Estoniyada yeni boru kəmərinin istifadəyə veriləcəyini nəzərə alsaq, bu ölkələr nəinki özlərini, hətta qonşu dövlətləri əlavə illik 2 milyard kubmetr qazla təmin edə bilərlər.
Polşa 2020-ci ildə istehlak etdiyi təbii qaz həcminin yarısını Rusiyadan alsa da, bu ölkənin iqtisadiyyatı qazdan çox kömürdən asılıdır. Eyni zamanda, cari ilin oktyabr ayından artıq “Baltik” boru kəməri istifadəyə verildiyindən, qaz Norveçdən Danimarka vasitəsi ilə birbaşa nəql ediləcək. Bu boru kəməri illik 10 milyard kubmetr qazın Polşaya nəql edilməsinə imkan verəcək. Danimarka isə bu kəmər vasitəsilə illik 3 milyard kubmetr qaz alacaq.

Rumınya özü əhəmiyyətli qaz istehsalçısı hesab olunur. Xorvatiya isə təbii qazı İtaliya vasitəsilə həm əldə edəcək, həm də Sloveniyaya ötürəcək.
Almaniya və Avstriyaya gəlincə, bu ölkələr Rusiya təbii qazından ciddi şəkildə asılı vəziyyətdədirlər. Qonşu ölkələrlə sıx boru kəməri şəbəkəsinə malik olmasına baxmayaraq, Almaniya hazırda bu asılılığı yalnız müəyyən miqdarda azalda bilib.
Çexiya, Slovakiya, Macarıstan, Şimali Makedoniya, Bosniya və Hersoqovina kimi ölkələr də Rusiya qazından əhəmiyyətli dərəcədə asılıdırlar və bu səbəbdən Rusiya ilə yeni müqavilə bağlamağa hazırdırlar.
Yunanıstan, Albaniya, İtaliya Azərbaycan qazından yararlanacaq.

Azərbaycanin təbii qaz ehtiyatları Avropanın “mavi yanacağa” olan tələbatını ödəməyə imkan verirmi?

Ölkəmiz bu ilin ilk 9 ayı ərzində 34,4 milyard kubmetr qaz hasil edib ki, bunun da 16,3 milyard kubmetri Cənub Qaz Dəhlizi  (Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP) vasitəsilə Gürcüstan (1,9 milyard kubmetr), Türkiyə (6,1 milyard kubmetr) və Avropaya (8,3 milyard kubmetri) nəql edilib. Xüsusilə qeyd etmək yerinə düşər ki, Avropa hazırda Azərbaycandan əldə etdiyi qazı 2027-ci ilədək ən azı 2 dəfə artırmağı hədəfləyib. Nəzərə alsaq ki, hökümətin qaz hasilatı ilə bağlı 2026-cı ilədək ortamüddətli proqnozları 50 milyard kubmetrə bərabərdir, deməli Avropaya hazırda nəql edilən 8,3 milyard kubmetr təbii qazın həcmini 2 dəfə çoxaltmaq realdır. Quru yataqlarımız çoxdan işlənir və əksəriyyəti artıq köhnəlib, odur ki, hasilatın dəniz yataqlarımızın hesabına artırılması nəzərdə tutulub. Məsələn, 1999-ci ildə kəşf edilən “Şahdəniz” yatağı hazırda dünyanın ən zəngin qaz-kondensat yataqlarından biri hesab olunur. Təkcə 2018-ci ilədək “Şahdəniz”dən 100 milyard kubmetr qaz hasil olunub. 2018-ci ildən hasilat həyata keçirilməyə başlanılan “Şahdəniz-2” layihəsi isə ümümiyyətlə, dünyada ən kompleks qaz layihələrindən biri hesab olunur.
Ümumilikdə, “Şahdəniz” yatağının təbii qaz ehtiyatı 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat şəklində hesablanıb. Bundan başqa, 2020-ci ildə inşası tamamlanmış və sonuncu hissəsinin inşası də başa çatan (TAP kəməri) Cənub Qaz Dəhlizi layihəsi Avropanın təbii qazla təchizatının qarantı sayılır.

Bu məqamda onu da vurğulayım ki, “Şahdəniz” yatağından başqa, Xəzərin Azərbaycan sektorunda kəşf edilmiş digər qaz yataqları da ölkənin gələcək ixrac potensialını artıracaq. Bu mənada ilk qaz-kondensat ehtiyatları aşkar edilmiş “Şəfəq-Asiman” yatağı, hazırda hasilat işləri üçün fəaliyyətə başlanılan “Abşeron” yatağını qeyd etmək olar.  Bundan başqa,  Abşeron arxipelaqında kəşfiyyat işləri davam etdirilir və bu işlərin nəticəsi Azərbaycanın qaz ehtiyatları üzrə rəqəmləri əhəmiyyətli dərəcədə dəyişə bilər.

Digər tərəfdən, ənənəvi enerji mənbələrindən savayı, Azərbaycanın yerləşdiyi coğrafi məkan ölkəmizin alternativ enerji mənbələrinə investisiya yatırmağa da imkan verir. Uzunmüddətli perspektivdə enerji müstəqilliyinin təmin edilməsi Azərbaycanın enerji siyasətinin əsasını təşkil edir. Bu baxımdan ölkəmiz  iqtisadiyyatın şaxələndirilməsi, enerji səmərəliliyinin artırılmasının əhəmiyyətini vaxtında qiymətləndirərək bərpa olunan enerji mənbələrinin inkişafını dəstəkləyir. Bərpa olunan enerji mənbələri ilə zəngin olması da Azərbaycanın qaz ixracı üçün əlverişli şərait yaradır.

Azərbaycan bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı yeni strategiya həyata keçirir. Bərpa olunan enerji mənbələrindən istifadə Azərbaycanın qaz ixracına necə təsir göstərəcək?

Azərbaycan alternativ enerji mənbələri ilə zəngin ölkədir. Bu sahədə planlaşdırılan layihələr, xüsusilə də işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun bərpa olunan enerji potensialı Azərbaycanın qaz ixracına da müsbət təsir göstərəcək. Təkcə bu ərazilərdə 10 min meqavatdan çox günəş, su və külək enerjisi olmaqla, bərpa olunan enerji potensialı var. Bu zəngin potensial bp, Səudiyyə Ərəbistanın "Aqua Power" və digər böyük enerji şikətlərini də burada irimiqyaslı layihələr həyata keçirməyə təşviq edir. Elektrik enerjisi istehsalında alternativ enerji mənbələrindən istifadə daxildə istehlak olunan qaz həcminin də ixraca yönəldilməsinə şərait yaradacaq. Nəticə etibarı ilə Azərbaycan həm yeni yataqlardan hasilatın başlanması, həm də daxildə təbii qazdan istifadənin azalması hesabına gələcəkdə qaz ixracını əhəmiyyətli dərəcədə artıra biləcək. Mövcud infrastruktur da bu artıma imkan verir.