Bu həftə Rusiyanın “Qazprom” dövlət konserni “Türk axını” boru kəməri ilə Macarıstana əlavə təbii qaz nəql etməyə başlayacaq.
Fins.az xəbər verir ki, bu idxal iki ölkə arasında uzunmüddətli kontrakta əsasən nəzərdə tutulan həcmdən əlavə olacaq.
MTİ informasiya agentliyi bu barədə Macarıstan xarici siyasət idarəsinin dövlət katibi Tamaş Mentserə istinadla məlumat verib. Məmurun sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar və Ukraynada vəziyyət səbəbindən yaranmış enerji böhranı ilə əlaqədar Macarıstan Nazirlər Kabineti ölkə sənayesinin fasiləsiz işini və vətəndaşların ehtiyaclarını təmin etmək üçün əlavə 700 milyon kubmetr qaz almağı qərara alıb.
Hazırda Macarıstanın qaz anbarları 32 faizdən çox doldurulub. Avropa İttifaqı üzrə bu göstəricinin orta hesabla 20 faizdən az olmasını nəzərə alsaq, 32 faiz heç də pis göstərici deyil.
Bu barədə razılaşma Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə danışıqlarında əldə edilib.
Bildirilir ki, avqustun sonuna qədər Qazprom hər gün əlavə olaraq 2,6 milyon kubmetr qaz nəql edəcək. Sentyabr ayında qaz tədarükü barədə hələlik danışıqlar aparılır.