Gürcüstan istehlak etdiyi təbii qazın 90 faizdən çoxunu Azərbaycandan, cüzi bir hissəsini isə Rusiyadan alır. Elektrik enerjisinin də müəyyən hissəsini Azərbaycandan, Türkiyə və Rusiyadan alır.
Bu sözləri Gürcüstan Milli Enerji və Su Təchizatının Tənzimlənməsi Komissiyasının sədri David Narmaniya söyləyib.
Onun sözlərinə görə, son günlər Gürcüstanın Rusiyadan enerji asılılığı barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır. Bu məlumatların heç bir əsası yoxdur: "Bizim Rusiyadan enerji asılılığımız yoxdur. Gürcüstanın həm Azərbaycandan, həm də Türkiyədən elektrik enerjisi idxal etmək imkanı var. Təbii qazın isə 90 faizdən çoxu Azərbaycandan, çox cüzi miqdarda isə Rusiyadan idxal olunur".
Komissiya sədrinin sözlərinə görə, Gürcüstana elektrik enerjisi Rusiya, Azərbaycan və Türkiyədən idxal olunur ki, bu da həmin ölkələrin müəyyən dövrdə hansı qiymətə məhsul təklif etməsindən asılıdır.
"Bizim Rusiyadan enerji asılılığımız yoxdur. Mən bunu həm elektrik enerjisi, həm də təbii qaz baxımından tam məsuliyyətlə bəyan edirəm”, - deyə D.Narmaniya vurğulayıb.
(c)azertac