Energetika nazirinin müavini Elnur Soltanov avqustun 1-də ölkəmizdə səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Müzakirələrdə iki ölkə arasında enerji əməkdaşlığının ikitərəfli və regional faydalarına toxunaraq, Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP kimi qlobal enerji layihələrindən bəhs edilib. Azərbaycan və Türkiyənin ortaq layihəsi olan TANAP layihəsinin Türkiyənin təbii qaz tələbatının ödənilməsi ilə yanaşı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas enerji mənbələrindən biri kimi mühüm rol oynadığı qeyd olunub. Regionda artan qaz tələbatı kontekstində əlavə qaz həcmlərinin tədarükü istiqamətində atılan addımlar müzakirə edilib.
Azərbaycan və Türkiyə arasında elektrik enerjisi mübadiləsi məsələsinə toxunulub, Türkiyə vasitəsilə elektrik enerjisinin tranziti və ixracı imkanlarından bəhs edilib. Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə və Türkiyə vasitəsilə Avropaya elektrik enerjisi ixracı imkanlarının öyrənilməsi, eləcə də Azərbaycan-Gürcüstan-Rumıniya Qara dəniz sualtı kabel layihəsi barədə fikir mübadiləsi aparılıb, regionun enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi üçün elektrik enerjisi sahəsində regional əməkdaşlığa töhfə verəcək səylərin artırılmasının vacibliyi diqqətə çatdırılıb.
Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi istiqamətdə həyata keçirilən layihələr haqqında məlumat verilib və Türkiyəli investorların bu proseslərdə iştirakı üçün geniş imkanlar olduğu bildirilib.
Görüşdə, həmçinin növbəti Azərbaycan-Türkiyə Enerji Forumunun keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.