Avropanı iqtisadi artımın yavaşlaması ilə əlaqədar çətin qış gözləyir.
Bunu Aİ diplomatiyasının rəhbəri Jozep Borrel deyib.
“Avropa əsl fırtına ilə üz-üzədir: enerji qiymətləri artır, iqtisadi artım yavaşlayır, qış yaxınlaşır”, - deyə o, bu gün öz bloqunda yazıb.
Borrelin sözlərinə görə, Avropa İttifaqı Rusiya qazının idxal payının ilin əvvəlindəki 40%-dən bu gün təxminən 20%-ə qədər ümumi azalmasının öhdəsindən müəyyən dərəcədə gələ bilib. Buna, əsasən mayeləşdirilmiş təbii qazın alışının artması hesabına nail olunub, onun payı iki dəfə artaraq 19%-dən 37%-ə çatıb. Norveç, Əlcəzair və Azərbaycandan da boru kəməri qazının alışı artırılıb.
“Lakin acı həqiqət budur ki, bu qış biz qeyri-rus mənbələrindən nə qədər əlavə qaz ala biləcəyimiz həddə yaxınlaşırıq. Beləliklə, əsas hissə enerji qənaətinə, yəni tələbatın azalmasına düşməlidir”, - deyə o vurğulayıb.
Aİ-nin Xarici siyasət departamentinin rəhbəri təəssüf edir ki, 2014-cü ildən sonra Avropa tədarüklərin şaxələndirilməsi və onlarda Rusiyanın payının azaldılması, enerji səmərəliliyinə və bərpa olunan mənbələrə sərmayə qoyuluşu üzərində qurulmuş əsl Aİ enerji ittifaqı yaratmayıb.