Şahdəniz tərəfdaşları Şahdəniz Alfa (ŞDA) platformasının enerji təchizatını sualtı kabel vasitəsilə Şahdəniz Bravo (ŞDB) platformasından əldə etməsinə imkan yaradacaq yeni layihənin müəyyənləşdirilmə mərhələsinə başlayır.
"Fins.az" xəbər verir ki,bu layihə ŞDA platformasının əməliyyat emissiyalarını əhəmiyyətli dərəcədə azaldacaq, və platformanı dayanıqlı, uzunmüddətli və etibarlı enerji ilə təmin etməklə onun istismar səmərəliliyini artıracaq.
ŞDA platformasının elektrik enerjisi hazırda həm qaz, həm də dizel yanacaq mühərrikləri ilə işləyə bilən beş əsas elektrik generatoru vasitəsilə təchiz edilir. Yeni layihə 2024-cü ildə işə başlayandan sonra mövcud generatorlar istismardan çıxarılacaq.
Yeni layihə çərçivəsində Şahdəniz tərəfdaşları bu yaxınlarda SOCAR-KBR birgə müəssisəsi ilə ilkin texniki layihələndirmə (FEED), dövri texniki xidmət üzrə mühəndis işləri və təchizat üzrə dəstək xidmətləri üçün müqavilə bağlayıb.
5,7 milyon dollarlıq bu müqavilənin ümumi iş həcminə ŞDA platformasındakı mövcud əsas elektrik generatorlarının istismardan çıxarılması üçün FEED xidmətləri və sualtı kabel vasitəsilə ŞDB platformasından enerji təchizatı sisteminin yaradılması daxildir. Bu layihə yerli resurslardan istifadəni maksimuma çatdırmaq üçün SOCAR-KBR birgə müəssisəsinin Bakı ofisi tərəfindən icra olunacaq.